Türkiyə ilə Liviya arasında mədənçilik, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalanıb.
Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası DEİK, Türkiyə–Liviya İş Şurası, Liviya Milli Mədən Şirkəti, Liviya Sərgilər və Konfranslar İdarəsi və Emaar Libya Holdinq arasında imzalanan anlaşma memorandumu bu üç sahədə ikitərəfli ticarət həcmini artırmaq məqsədi daşıyır.
Sazişi DEİK Türkiyə–Liviya İş Şurasının sədri Murtaza Karanfil və Emaar Libya Holdinqin baş direktoru Fuad Əl-Avvam imzalayıb.
M.Karanfil çıxışında Türkiyənin Liviya ilə əlaqələrinin köklü tarixə malik olduğunu bildirib.
Başda sənaye olmaqla, bir çox sektorda fəaliyyət göstərən və öz çətiri altında 30 şirkəti birləşdirən Emaar Holdinq ilə müqavilənin imzalandığını qeyd edən M.Karanfil şirkətin Liviyanın şərq və cənub bölgələrinə böyük investisiyalar yatırdığını və yeni iş imkanları yaratdığını bildirib.
Anadolu agentliyinə (AA) müsahibə verən M.Karanfil bildirib ki, Şimali Afrika ölkəsində 2014-cü ildən sonra yaşanan qeyri-sabitlik səbəbindən Türkiyənin Liviyaya ixracatı 2,5 milyard dollara qədər azalıb və son 10 ildə bu səviyyədə qalıb. Hazırda ümumi ticarət həcmi təxminən 4 milyard dollardır.
M.Karanfil imzalanan müqavilənin Şərqi Liviya ilə əməkdaşlığın inkişafına yönəldiyini bildirərək deyib: "Ticarət həcmini daha da artırmaq istəyirik".
O, Liviyanın cənubunda son illərdə kəşf edilən zəngin mineral yataqlarına diqqət çəkərək deyib:
"Bizdən cənubda yerləşən mədənlərin xəritələrini və prioritet hesab etdikləri potensial investisiya, əməkdaşlıq imkanlarını təqdim etmələrini istədik. Əgər zərurət yaranarsa, şərqdəki şirkətlərimizlə B2B görüşləri təşkil edərək türk mədən sənayesini Liviyanın şərqi ilə birləşdirməyi planlaşdırırıq".
Karanfil bildirib ki, Liviyanın cənubu bir çox ölkənin diqqətini çəkən əhəmiyyətli mineral ehtiyatlarına malikdir. "Hazırda Liviya Mədən Qrupunda qeydiyyatdan keçmiş cəmi 6 türk şirkəti var. Biz onların sayını artırmaq və xüsusilə enerji sektorunda Liviya ilə daha sıx işləmək istəyirik. Liviya həm Afrikaya, həm də Afrikanın dünyaya açılan qapısıdır", – deyə o vurğulayıb.
Emaar Libya Holdinqin baş direktoru Fuad Əl-Avvam da Türkiyənin iqtisadiyyat və enerji baxımından çox güclü ölkə olduğunu qeyd edib.
"Biz Emaar Holdinq olaraq bu sektorlarda Türkiyə ilə yeni müqavilələr imzalayacağıq. Eyni zamanda Türkiyə bazarını Liviyaya gətirmək, türk məhsulları üçün daimi bazar formalaşdırmaq və onları yaymaq üçün səylərimizi davam etdiririk", – deyə Fuad Əl-Avvam bildirib.