Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a verdiyi açıqlamada bildirib
“Rusiya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır", bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a verdiyi açıqlamada bildirib.
Ölkədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı tarixi, sosial və mədəni aspektlərə toxunan açıqlamaları tənqidlərə səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Medinskini “Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi” adlandıraraq tarixi həqiqətləri təhrif etməkdə ittiham edib.
Vladimir Medinski Ukrayna ilə keçirilən son iki görüşdə Rusiyanın Baş müzakirəçisi kimi çıxış etmişdi.
M.Zaxarova vurğulayıb ki, “Medinski yalnız silahlı münaqişə ətrafında yaranan faciə haqqında şərh verib” və “uyğun olmayan mesajlar verilməməli, sözlər təhrif edilməməlidir” deyib.
Rəsmi Bakı ilə İrəvan arasındakı münasibətlər 1991-ci ildən bəri gərgin olaraq qalır. Həmin vaxt Ermənistan Rusiya ordusu ilə beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağı və ona bitişik yeddi rayonu işğal etmişdi. 2020-ci ilin payızında Azərbaycan 44 günlük müharibə ilə Ermənistan işğalından bir neçə şəhər, kənd və qəsəbəni qurtardı.
Müharibə Rusiya vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatdı və münasibətlərin normallaşdırılması üçün danışıqlar başladı.