SİYASƏT
3 dəqiqə oxuma
Hindistan və Filippin Cənubi Çin dənizində ilk birgə təlimlərini keçirib
Bu addım iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mühüm göstəricisi hesab olunur
Hindistan və Filippin Cənubi Çin dənizində ilk birgə təlimlərini keçirib
/ AP
4 avqust 2025 г.

Hindistan və Filippin Cənubi Çin dənizində ilk birgə dəniz təlimlərini keçirib.

Hindistan və Filippin mübahisəli Cənubi Çin dənizində ilk dəfə birgə dəniz təlimləri keçirir. Bu addım iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mühüm göstəricisi hesab olunur.

Təlimlər Filippin prezidenti Ferdinand Markosun avqustun 4-də Hindistana etdiyi beş günlük rəsmi səfəri ilə üst-üstə düşür. Səfər çərçivəsində Markos Hindistanın Baş naziri Narendra Modi və digər yüksək vəzifəli şəxslərlə müdafiə və ticarət əlaqələrinin gücləndirilməsi barədə danışıqlar aparacaq.

Bu hadisələrə cavab olaraq həm Hindistanla, həm də Filippinlə ərazi mübahisələri olan Çin Cənubi Çin dənizində hərbi patrul fəaliyyətlərinə başlayıb və Hindistan–Filippin birgə təlimlərinin regional sabitliyi pozduğunu iddia edib.

Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Romeo Brauner avqustun 3-də başlayan və iki gün davam edən birgə dəniz təlimlərinin uğurla həyata keçirildiyini bildirib. O, gələcəkdə Hindistanla daha genişmiqyaslı birgə təlimlərin keçiriləcəyinə ümid etdiyini də vurğulayıb.

Çin patrulları ilə bağlı sualı cavablandıran Brauner deyib:
"Heç bir mənfi insident yaşanmadı, lakin müşahidə olunduq. Bunu gözləyirdik."

Filippin ordusunun məlumatına görə, digər ölkələrlə birgə patrul fəaliyyəti zamanı da Çin donanması və sahil mühafizə gəmiləri uzaqdan müşahidə aparıb.

Filippin bu günə qədər ABŞ, Yaponiya, Avstraliya, Yeni Zelandiya və Fransa kimi strateji tərəfdaşları ilə Cənubi Çin dənizində birgə patrul fəaliyyəti həyata keçirib. Bu isə Çinin sərt reaksiyasına səbəb olub.

Çin ordusu bazar ertəsi bəyan edib ki, 3–4 avqust tarixlərində Cənubi Çin dənizində patrul fəaliyyəti həyata keçirib. Cənub Döyüş Bölgəsi Komandanlığının sözçüsü bu fəaliyyətləri “adi” kimi qiymətləndirib və Filippinin həyata keçirdiyi “birgə təlimin” regional sülh və sabitliyi pozduğunu bildirib.

Ötən həftə isə rəsmi Manila tərəfindən hərbi əməkdaşlığın artırılması ilə bağlı səsləndirilən açıqlamaya münasibət bildirən Çin Müdafiə Nazirliyi Filippini “xarici qüvvələrlə əməkdaşlıq edərək öz sularında gərginlik yaratmaqda” ittiham edib.

Çin Müdafiə Nazirliyinin sözçüsü polkovnik Zanq Ksioqanq keçirdiyi mətbuat konfransında deyib:
"Çin öz milli ərazi bütövlüyünü və dəniz hüquqlarını qorumaqda qərarlıdır və Filippinin istənilən təxribatına qarşı qətiyyətli cavab verəcək."

General Brauner isə bölgədə müharibənin qarşısını almaq üçün çəkindirmə strategiyasının gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib:
"Birincisi, Filippin Silahlı Qüvvələri modernləşdirilməlidir. İkincisi, Hindistan kimi həmfikir ölkələrlə sıx tərəfdaşlıq qurulmalıdır."

Cümə axşamı Hindistan Donanmasının INS Shakti adlı gəmisində keçirilən rəsmi qəbulda çıxış edən Brauner bildirib ki, gəminin Manila limanında lövbər salması simvolik deyil:
"Bu, iki demokratiya arasında tərəfdaşlıq, həmrəylik və əməkdaşlığın gücünü nümayiş etdirən aydın bir mesajdır."

O, Hindistan və Filippin arasında münasibətlərin dərinləşməsini alqışlayaraq qeyd edib ki, bu əməkdaşlıq “dünyanın geosiyasi baxımdan ən həssas bölgələrindən birində dəniz təhlükəsizliyi, regional sabitlik və qaydalara əsaslanan beynəlxalq nizama olan birgə sadiqliyi əks etdirir.”

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us