İyulun 24-də İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında bu sahədə qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Sənəd Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ilə Böyük Britaniyanın Müdafiə naziri Con Hili arasında keçirilən yüksək səviyyəli görüşdən sonra rəsmiləşdirilib. Bu addım daha genişmiqyaslı müdafiə əməkdaşlığına yönəlmiş strateji təşəbbüs kimi dəyərləndirilir.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, memorandum rəsmi Ankaranın “Eurofighter” təyyarələrinin Türkiyəyə inteqrasiyası sahəsində London rəhbərliyi ilə əhatəli əməkdaşlıq niyyətini ortaya qoyur.
Anlaşma Memorandumu prezident Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında bu mövzuya dair baş tutan telefon danışığından bir gün sonra imzalanıb.
Türkiyə hazırda Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın ortaq şəkildə istehsal etdiyi 40 ədəd “Eurofighter Typhoon” təyyarəsinin alınması ilə bağlı danışıqlar aparır. Ankara rəhbərliyi bu təyyarələrə rəsmi marağını ilk dəfə 2023-cü ilin mart ayında bildirmişdi.
Almaniya tərəfindən təmin edilən komponentlərlə Britaniyada istehsal olunacaq bu model, dünyanın ən qabaqcıl 4.5 nəsil çoxməqsədli döyüş təyyarələrindən biri hesab olunur.
Bu razılaşma Türkiyənin Hərbi Hava Qüvvələrinin imkanlarını diversifikasiya etməklə yanaşı, NATO üzrə əsas müttəfiqləri ilə strateji müdafiə əməkdaşlığını da gücləndirir.
Qeyd edək ki, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin müdafiə gücü son aylarda bir sıra Avropa liderləri tərəfindən dəfələrlə vurğulanıb.