Kami Rita mayın 27-də dünyanın ən yüksək nöqtəsi olan Everest dağına 31-ci dəfə qalxaraq yeni bir dünya rekorduna imza atdı. Bu uğur onun ilk dəfə 1994-cü ildə həyata keçirdiyi zirvə yürüşündən 30 il sonra reallaşdı.
“Əfsanəvi Kami Ritanı Everestə uğurlu 31-ci çıxışı münasibətilə təbrik edirik. Bu, tarixdə bir şəxsin həyata keçirdiyi ən çox zirvə qalxışıdır. O, yalnız alpinizm üzrə milli qəhrəmanı deyil, eyni zamanda Everestin qlobal simvoludur”, – deyə “Seven Summit Treks” ekspedisiya təşkilatçıları bəyan edib.
Qeyd edək ki, Kami Rita ilk dəfə 1994-cü ildə ticarət ekspedisiyası üçün çalışarkən Everestin zirvəsinə qalxıb. Həmin vaxtdan etibarən demək olar ki, hər il Everestə qalxaraq müxtəlif ekspedisiyalarda bələdçilik edib.
O, ötən il 8.849 metr hündürlüyündəki zirvəyə 29-cu və 30-cu dəfə qalxdıqdan sonra verdiyi açıqlamada “Mən sadəcə işimi görürəm” deyərək yeni rekordlada imza atmaq kimi bir məqsədinin olmadığını vurğulamışdı.
2024-cü ilin may ayında “AFP” agentliyinə müsahibəsində “Rekorda görə sevinirəm, amma rekordlar bir gün mütləq yenilənir. Mənim üçün daha vacib olan, dırmanışlarımın nəticəsində Nepalın dünyada tanınmasıdır”, – deyə o, bildirmişdi.
“Seven Summit Treks” təşkilatının yaydığı məlumata görə, Kami Rita bu yürüşü mayın 27-də Hindistan ordusu komandasının rəhbəri qismində yerinə yetirib və təkcə özü deyil, komandanın bütün üzvlərini də uğurla zirvəyə çatdırıb.
Bu tarixi uğur, bahar dırmanış mövsümünün sonuna yaxın baş verib. Nepal Turizm Departamentinin verdiyi məlumata əsasən, hava şəraitinin əlverişli olduğu dövrdə 500-dən çox alpinist və bələdçi Everestin zirvəsinə qalxmağı bacarıb.
Bu mövsüm, Everestdə son illərin ən az ölüm hadisəsinin qeydə alındığı dövr olub. Yüksək düşərgələrdə bir filippinli və bir hindistanlı alpinist həyatını itirib.
Nepal bu il 1.100 nəfərə dağa qalxmaq üçün icazə verib. Bunlardan 458-i Everest üçün ayrılıb. Nepal bu icazələrdən 5 milyon dollardan çox gəlir əldə edib.
Qeyd edək ki, Nepal dünyanın ən hündür 10 zirvəsindən 8-nə ev sahibliyi edir və hər il yaz aylarında, hava şəraitinin nisbətən mülayim, küləklərin isə daha sakit olduğu vaxtda, yüzlərlə macərapərəsti qarşılayır.