Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Hindistan və Pakistan arasındakı münaqişədə sülhə vasitəçilik etdiyi ilə bağlı dəfələrlə səsləndirdiyi iddiaları rədd edib. Modi parlamentdə çıxışında bildirib ki, heç bir xarici lider onlardan atəşkəsi dayandırmağı tələb etməyib.
Mayın 7-dən bəri Tramp və administrasiyası ABŞ-ın iki qonşu ölkə arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün təxminən 30 dəfə müdaxilə etdiyini iddia edir. Rəsmi İslamabad Vaşinqtonun bu rolunu qəbul etsə də, Yeni Dehli bunu qəti şəkildə inkar edir.
İki ölkə arasındakı münaqişə
Münaqişə aprel ayında Hindistanın nəzarətində olan Kəşmirdə turistlərə qarşı terror hücumu ilə başlayıb. Hücumda əksəriyyəti hindular olmaqla 26 nəfər həlak olub.
Hindistan Pakistanı təcavüzkarları dəstəkləməkdə ittiham edir, rəsmi İslamabad isə bu iddiaları rədd edir.
May ayında dörd gün davam edən gərgin döyüşlərdə hər iki tərəfdən 70-dən çox insan həyatını itirib. Tramp bu qarşıdurmalardan sonra atəşkəs elan etdiyini bildirib.
Donald Tramp Şotlandiyaya səfəri zamanı “Mən olmasaydım, hazırda altı böyük müharibə gedərdi. Hindistan Pakistanla döyüşəcəkdi’’ deyib.
Buna baxmayaraq, Narendra Modi Pakistanın döyüşlərin dayandırılmasını tələb edən əsas tərəf olduğunu vurğulayıb.
Bu bəyanat müxalif Konqres Partiyasının üzvü Rahul Qandinin parlamentdə “Donald Tramp yalan danışır” çıxışından sonra verilib.
Müsəlmanların çoxluq təşkil etdiyi Kəşmir bölgəsi 1947-ci ildən bəri Hindistan və Pakistan arasında bölünüb.
May ayındakı toqquşmalar tərəfləri yeni müharibənin astanasına gətirəndən sonra Tramp müharibənin dayandırıldığını iddia edib. Bu iddia rəsmi İslamabad tərəfindən qəbul edilsə də, Nyu Dehli tərəfindən qətiyyətlə rədd olunub.