ABŞ prezidenti Donald Tramp iyunun 12-də verdiyi açıqlamada İsrailin Tehrana və digər İran şəhərlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarından sonra İranın yenidən danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib.
“Fox News” kanalının milli təhlükəsizlik məsələləri üzrə müxbiri Cenifer Qriffin “X” sosial şəbəkəsində D.Trampın bu hücumlara dair açıqlama verdiyini bildirib.
“İranın nüvə bombası əldə etməsinə imkan verə bilmərik və ümid edirik ki, danışıqlar masasına geri dönəcəyik. Gözləyək və görək. İdarəetmədə bəzi şəxslər var ki, onlar artıq geri qayıtmayacaqlar”, – deyə D.Tramp “Fox”un baş siyasi aparıcısı Bret Bayerə telefonla bildirib.
D.Tramp İsrailin hava hücumları barəsində əvvəlcədən məlumatlı olduğunu, lakin ABŞ ordusunun bu hücumlarda iştirak etmədiyini vurğulayıb. Donald Tramp həmçinin qeyd edib ki, əgər İran qarşılıq verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mümkün cavab tədbirlərinə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, ABŞ Administrasiya rəsmilərinin verdiyi məlumata görə, Amerika son həftələrdə İsrailin “Dəmir Qübbə” raketlərini yenidən təchiz edib.