Çin, Pakistan və Əfqanıstanın 2025-ci il may ayının sonlarında yüksək səviyyəli qeyri-rəsmi görüşdə iştirak etməsi regional diplomatiya və qonşu ölkələr arasındakı ikitərəfli münasibətlərdə əhəmiyyətli dönüş nöqtəsi ola bilər.
Əfqanıstanın müvəqqəti xarici işlər naziri Əmir Xan Muttaki tərəfindən təşkil olunan, qapalı qapılar arxasında keçirilən danışıqlarda Çinin xüsusi nümayəndəsi Yü Syaoün (Yue Xiaoyong) və Pakistanın xüsusi nümayəndəsi Məhəmməd Sadiq iştirak edirdi. Bu görüş 2017-ci ildən bəri mövcud olan üçtərəfli dialoq mexanizminin mühüm hissəsiydi.
Söhbət zamanı siyasi etimadın artırılması, terrorizmə qarşı mübarizə səylərinin əlaqələndirilməsi və iqtisadi inteqrasiyanın təşviqi üçün konkret tədbirlər müzakirə edildi. Bu gündəlik məsələlər yalnız Çinin Əfqanıstan və Pakistan arasında vasitəçilik rolunu gücləndirmir, həm də onun regional dinamikaların formalaşmasında artan təsirini vurğulayır.
Üçtərəfli əməkdaşlıq təşəbbüsü Hindistan və Pakistan arasında son hərbi münaqişə ilə xarakterizə olunan bölgədəki dəyişkən siyasi mənzərə fonunda böyük əhəmiyyət kəsb edir.
Pakistan-Əfqanıstan arasındakı fikir ayrılıqlarının əsas xətti
Pakistan və Əfqanıstan arasındakı gərgin münasibətlərin gedişi tarixi, etnik və strateji faktorların mürəkkəb qarşılıqlı təsirinə əsaslanır. Bu davamlı gərginliyin mərkəzində 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqanıstan Əmirliyi arasında imzalanmış “Durand xətti” sazişi dayanır. On illərdir ki, “Durand xətti”nin qanuniliyinə dair mübahisələr iki ölkə arasında suverenlik və milli kimliklə bağlı geniş mübahisələr doğurur. Əfqanıstan tarixən bu xətti rəsmi sərhəd kimi tanımaqdan imtina edib. Sərhədin hər iki tərəfindəki puştun icmalarını birləşdirmək arzusu isə Pakistan tərəfindən milli təhlükəsizliyə ciddi təhdid kimi qəbul edilir. Taliban hökuməti də Əfqanıstanın xarici siyasətindəki bu ənənəvi mövqeyi dəstəkləməkdədir.
Pakistan-Taliban münasibətləri 1990-cı illərin ortalarında - Talibanın Əfqanıstanda sürətlə yüksəlişi ilə eyni vaxtda formalaşmağa başladı. Mediada yayılan bəzi iddialara görə, Pakistan dövləti, xüsusilə onun Kəşfiyyat Xidməti (İSİ) Talibana logistik, maliyyə və hərbi dəstək göstərib. Bunun sayəsində Taliban Şimal alyansına qarşı üstünlük qazanıb. Pakistanın dəstəyi təkcə strateji xarakter daşımayıb, həm də Taliban hərəkatı ilə məzhəbi və ideoloji uyğunluğu əks etdirir. Lakin Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra Pakistanın strateji dərinlik və qrup üzərində əməliyyat təsiri ilə bağlı gözləntiləri yerinə yetirilməyib. Əksinə, “Tehriki-Taliban Pakistan”ın (TTP) Əfqanıstanın sərhəd bölgələrində təhlükəsiz sığınacaq tapdığı və bəzən talibanlılar tərəfindən dolayı yolla dəstəkləndiyi iddiaları İslamabadda hökumət üçün qəbuledilməz təhlükəsizlik riski kimi qəbul edildi.
BMT Təhlükəsizlik Şurasının 35-ci hesabatı Əfqanıstan Talibanının TTP-yə logistik, əməliyyat və maliyyə dəstəyi verdiyini təsdiqləyir. Hesabata görə, TTP-nin Əfqanıstandakı mövcudluğu və əməliyyat qabiliyyəti qorunub-saxlanılır və qrup 2024-cü ildə Pakistana qarşı 600-dən çox hücum törədib. Bundan əlavə, TTP-nin Kunar, Nanqarhar, Xost və Paktika (Barmal) vilayətlərində yeni təlim düşərgələri qurduğu və Əfqanıstan Talibanı sıralarından döyüşçülər cəlb etdiyi qeyd olunur.
Pakistanda törədilən bombalı hücumlarının böyük bir hissəsinin TTP ilə əlaqəli olması Əfqanıstan Talibanına qarşı ictimai narazılığı artırıb. Taliban rəhbərliyi isə bu iddiaları qəti şəkildə rədd edir və TTP ilə bağlı məsələlərin Pakistanın daxili işi olduğunu bildirir. Bununla belə, ideoloji yaxınlıq, militant keçidlər və zəif sərhəd nəzarət mexanizmləri bu fərqin praktik olaraq həyata keçirilməsinin mümkünlüyünə şübhə yaradır.
Çinin vasitəçiliyi və təhlükəsizlik narahatlıqlar
Çinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş Hindistan və Pakistan arasında yenidən artan gərginliklər və Əfqanıstan-Pakistan sərhədində TTP fəaliyyətlərinin artdığı bir vaxtda düşdüyü üçün xüsusilə diqqətəlayiqdir. Bu kontekstdə görüş həm regional təhlükəsizlik arxitekturası, həm də ticarət dəhlizlərinin funksionallığı baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.
Tarixi perspektivdən Pakistan uzun müddətdir ki, Əfqanıstanı Hindistanla davam edən rəqabətində strateji arxa cəbhə kimi görür. Bu perspektiv, adətən “strateji dərinlik doktrinası” adlandırılır və Hindistanla hərbi qarşıdurma halında Pakistanın qərb cinahını təmin etməyi nəzərdə tutur. Müvafiq olaraq, Əfqanıstanın neytrallığını və ya ən azı Pakistanın maraqları ilə dolayı yolla uyğunlaşmasını təmin etmək İslamabad üçün davamlı strateji prioritet təşkil edir. Digər tərəfdən, Çinin bu tənliyə artan müdaxiləsi rəsmi Pekinin Cənubi Asiyada təhlükəsiz investisiya və nəqliyyat dəhlizlərini təmin etməyə artan vurğusunun əks olunması kimi şərh edilə bilər.
Çinin Əfqanıstandakı fəaliyyəti yalnız iqtisadi investisiyalardan ibarət deyil. Rəsmi Pekin ölkəni BRİ çərçivəsində Qərbi Asiyaya mühüm bir qapı kimi görür. 14 milyard dollarlıq investisiya portfelinə əlavə olaraq, Çin Badahşandakı Vəxan dəhlizi vasitəsilə İran-Əfqanıstan-Çin üçbucağını birləşdirən yeni nəqliyyat marşrutu qurmaq səyləri ilə strateji mövcudluğunun uzunmüddətli xarakterini vurğulayır. Texniki baxımdan Vəxan dəhlizi vasitəsilə Çin sərhədinə çatmaq mümkün olsa da, bu marşrut hələlik praktik olaraq əlçatmaz kimidir. Nəticədə, Çin və Əfqanıstan arasındakı ticarətin böyük hissəsi hələ də Pakistan vasitəsilə dəniz marşrutları ilə həyata keçirilir. Bu çərçivədə Çinin Taliban administrasiyası ilə artan diplomatik əlaqələri və Pakistan ilə Taliban arasında balanslaşdırıcı güc kimi ortaya çıxması əhəmiyyət kəsb edir.
Çinin Xarici işlər naziri Vanq Yinin Taliban və Pakistan rəsmilərini Pekində qəbul etmək səyləri iki tərəf arasında diplomatik dialoqu bərpa məqsədi daşıyır və rəsmi Pekinin Əfqanıstanda uzunmüddətli təsirini möhkəmləndirmək niyyətini göstərir.
Bölgədəki proseslər ikitərəfli dinamikaları aşır. Çinin Kabil və İslamabad arasında aktiv vasitəçilik rolu həm də Çin-Pakistan İqtisadi dəhlizinə (CPEC) yatırılan 50 milyard dollarlıq investisiyanı qorumaq üçün strateji bir zərurət kimi şərh edilə bilər. Pakistan isə Çinin Əfqanıstanda artan mövcudluğunu və əlaqələrini Hindistan təsirinə qarşı bir əks-tarazlıq kimi görür və buna görə də onun Əfqanıstanın işlərinə daha aktiv müdaxiləsini alqışlayır.
Üçtərəfli görüşün gündəliyinə təhlükəsizlik məsələlərinin iqtisadi mövzularla yanaşı daxil edilməsi, Çinin təkcə iqtisadi aktyor kimi deyil, həm də dolayı yolla regional təhlükəsizlik təminatçısı rolunu mənimsədiyini göstərir. Çinin bu vəzifəni effektiv şəkildə yerinə yetirə biləcəyi əsasən Taliban administrasiyası ilə Pakistan arasında səssiz öhdəlikləri təmin etmək qabiliyyətindən asılı olacaq. Bundan əlavə, Taliban ilə Hindistan arasında hər hansı bir strateji yaxınlaşmanın qarşısını almaq üçün Çinin qabiliyyəti regional diplomatik balansların gedişatına birbaşa təsir edə biləcək əsas dəyişən kimi ortaya çıxır.
Tarixə baxarkən görünür ki, “Soyuq müharibə”dən sonrakı dövrdə ikitərəfli əməkdaşlıq sazişlərinin yüksək həcminə baxmayaraq, üçtərəfli görüşlər nəzərəçarpacaq dərəcədə məhdud qalır. 1950-ci ildən bəri Çin və Pakistan arasında 350, Çin və Əfqanıstan arasında 150, Əfqanıstan və Pakistan arasında isə 250-dən çox saziş imzalanıb. Lakin hər üç ölkə tərəfindən birgə imzalanan sazişlərin sayı minimaldır. Bu, regional əməkdaşlığın əsasən ikitərəfli formada həyata keçirildiyini və hazırda heç bir institusional üçtərəfli çərçivənin mövcud olmadığını göstərir. Başqa sözlə, Çin-Pakistan-Əfqanıstan üçtərəfli təşəbbüsü təkcə simvolik görüş deyil, həm də regional güc balansında yeni bir mərhələni ifadə edir.
Görüş zamanı qəbul edilən qərarlar göstərir ki, Çin yalnız iqtisadi aktyor deyil, həm də təhlükəsizlik və diplomatiya sahələrində əsas oyuncudur.
Pakistan və Taliban administrasiyaları arasındakı gərginlikləri azaltmaq və iqtisadi əməkdaşlığı genişləndirmək üçün atılan addımlar daha dərin regional inteqrasiyanın yolunu açır və Çinin regional təminatçı kimi fəaliyyət göstərmək arzularını bir daha göstərir. Lakin bu prosesin davamlılığı yalnız diplomatik jestlərdən deyil, həm də yerində təhlükəsizlik dinamikalarının effektiv idarə edilməsindən asılıdır.