Pekində keçirilən 25-ci Çin–Avropa İttifaqı (Aİ) sammiti çərçivəsində tərəflər arasında ticarət balanssızlığı, nadir torpaq elementlərinə çıxış və Rusiya–Ukrayna müharibəsi kimi gərgin məsələlər müzakirə olunub.
Çinin Dövlət Televiziyasının (CCTV) yaydığı məlumata əsasən, Çin Xalq Respublikasının Sədri Si Cinpin iyulun 24-də (bu gün) sammitin açılışında çıxışı zamanı Avropa İttifaqını qlobal qeyri-müəyyənlik şəraitində düzgün strateji seçim etməyə və etimadla ünsiyyəti gücləndirməyə çağırıb.
Si Cinpin qeyd edib ki, Çin və Avropa liderləri hər iki tərəfin xalqlarının gözləntilərinə cavab verməlidirlər.
Sammit çərçivəsində ÇXR Sədri Si Cinpin və Baş nazir Li Keçyan Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Kosta ilə bir araya gəliblər.
Si Cinpin çıxışı zamanı deyib: “Beynəlxalq vəziyyət nə qədər çətin və mürəkkəb hal alırsa, Çin ilə Aİ arasında ünsiyyət bir o qədər güclənməli, qarşılıqlı etimad artırılmalı və əməkdaşlıq daha da dərinləşdirilməlidir”.
Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq
Sammitdə ticarət tarazlığı, bazarlara çıxış və nadir torpaq elementləri kimi mövzular da gündəmdədir.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sammiti münasibətləri həm irəli aparmaq, həm də yenidən tarazlaşdırmaq üçün bir fürsət olaraq adlandırıb.
Zirvə öncəsi “X” sosial şəbəkəsində paylaşım edən Fon der Lyayen “qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın mümkün olduğuna inanıram”, – deyə bildirib.
Qeyd edək ki, Çin–Aİ sammiti iki tərəf arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyinə həsr olunub. Hazırda Çin ilə Avropa İttifaqı arasındakı illik ticarət dövriyyəsi 860 milyard ABŞ dollarını ötür.