Misirin xarici İşlər naziri Bədr Əbdülati iyulun 30-da Sudanlı həmkarı Ömər Siddiqlə telefon əlaqəsi saxlayıb. Tərəflər Sudanda sülhün əldə edilməsi səylərini müzakirə ediblər.
Misir Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər Sudanda sülh və sabitliyin təmin olunması, eləcə də Misirin üzv olduğu beynəlxalq Sudan Dördlüyü çərçivəsində keçirilən görüşlər daxil olmaqla Sudan xalqının resurslarının qorunması istiqamətindəki səyləri yüksək qiymətləndiriblər.
Bədr Əbdülati Misirin Sudanın suverenliyi, milli qurumları, ölkənin birliyi və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyərək Sudanın birliyini təhdid edən hər hansı addıma qarşı olduqlarını vurğulayıb.
Ömər Siddiq isə Misirin Sudanın suverenliyi və təhlükəsizliyinə verdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi arzusunu ifadə edib.
Qeyd edək ki, iyulun 26-da yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinə (ÇDQ) tabe olan Sudan Qurucu Alyansı ÇDQ komandiri Mohamed Hamdan Daqalonun rəhbərlik etdiyi paralel hökumətin qurulduğunu elan edib.
Çevik Dəstək Qüvvələri və bir neçə müttəfiq qrup fevralın 22-də Keniyada Sudanda paralel hökumət qurmaq məqsədilə nizamnamə imzalayıb.
2023-cü ilin aprel ayından etibarən Sudan ordusu və Çevik Dəstək Qüvvələri arasında gərginlik davam edir. Birləşmiş Millətlər Təşkilatı və yerli hakimiyyət orqanlarının məlumatına görə, müharibə 20 mindən çox insanın ölümünə və 14 milyon nəfərin yurd-yuvalarından didərgin düşməsinə səbəb olub. ABŞ universitetlərinin araşdırmalarına görə ölənlərin sayı təxminən 130 mindir.