2024-cü ildə Almaniyanın paytaxtında müsəlmanlara qarşı hücumlar və ayrı-seçkilik halları demək olar ki, iki dəfə artaraq 644 hadisəyə çatıb. Bu barədə 11 iyunda yayınlanan yeni monitorinq hesabatında bildirilib.
Hüquq müdafiə qrupu - CLAİM-in həmsədri Rima Hanano Berlində keçirilən mətbuat konfransında deyib: “Yeni illik hesabat şəhərimiz üçün narahatedici mənzərə yaradır. Hakimiyyət orqanları artan anti-müsəlman irqçiliyinə qarşı daha güclü tədbirlər görməlidir.
2024-cü ildə 644 anti-müsəlman hücumu və ayrı-seçkilik halını sənədləşdirdik. Rəqəmlər əvvəlki illə müqayisədə təxminən 70 faiz artıb. Bu da o deməkdir ki, hər gün Almaniyada iki anti-müsəlman hadisəsi baş verir.
Hücumlarda əsas hədəf qadınlardır, zorakılıq hallarının təxminən üçdə ikisini (64 faiz) təşkil edir. Hadisələrin bir çoxu anaların uşaqları yanlarında ikən baş verib. Ümumiyyətlə isə ayrı-seçkiliklə bağlı sənədləşdirilmiş halların ən böyük hissəsi məktəb, alış-veriş məkanları və iş yerlərində müşahidə olunur. Qeydiyyata düşməyən hadisələr daha çoxdur. Onları da nəzərə alsaq, əsl rəqəmlərin daha yüksək olduğunu düşünə bilərik”.
Rima Hanano qeyd edib ki, anti-müsəlman irqçiliyi xüsusilə Yaxın Şərqdəki münaqişələrin kəskinləşməsindən sonra çox artıb. O deyib: “Almaniyada baş verən terror hücumlarından sonra da oxşar artımlar müşahidə olunub, çünki siyasətçilər və media tez-tez müsəlmanları təhlükəsizlik təhdidi kimi təqdim edir ki, bu da şübhə və ayrı-seçkilik mühiti yaradır. Ona görə də bəzi adamlar cəsarətlənir və özlərini haqlı hesab edirlər”.
Qeyd edək ki, Almaniya Fransadan sonra Qərbi Avropada ikinci ən böyük müsəlman əhalisinə sahibdir: təxminən 84 milyon əhalisinin 5,5 milyonu müsəlmandır.
Son illər ölkədə sağçı siyasi partiyalar və hərəkatlar, o cümlədən müxalifət partiyası - Almaniya üçün Alternativ (AfD) tərəfindən təhrik olunan anti-müsəlman irqçiliyi və zorakılığı artıb.