Rusiyanın Kamçatka yarımadasında 8,8 bal gücündə güclü zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 119 kilometr aralıda, ocağı isə 20,7 kilometr dərinlikdə yerləşib.
Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov rəsmi “Telegram” kanalında yayımladığı açıqlamada zəlzələni son onilliklərin ən güclü zəlzələsi adlandırıb.
Regional səhiyyə naziri Oleq Melnikov isə Rusiyanın “TASS” xəbər agentliyinə açıqlamasında Kamçatkada bir neçə nəfərin xəsarət aldığını bildirib. Onun sözlərinə görə, xəsarət alanların hamısının vəziyyəti stabildir.
Sunami təhlükəsi və təxliyələr
Zəlzələdən sonra Sakit okeanda sunami təhlükəsi elan edilib. Saxalin vilayətinin Severo-Kurilsk şəhərindəki sakinlərin təxliyə edilməsi ilə bağlı göstəriş verilib.
ABŞ-ın Sunami Xəbərdarlığı Sistemi Rusiya, Yaponiya, Alyaska və Havay adalarının bəzi sahillərində sunami dalğalarının ola biləcəyi barədə xəbərdarlıq edib.
Havayda yerləşən Honolulu Fövqəladə Hallar İdarəsi, ABŞ-ın Havay ştatında sahilyanı ərazilərdə yaşayan sakinlərin təxliyə olunması ilə bağlı çağırış edib. “Hərəkətə keçin! Dağıdıcı sunami dalğaları gözlənilir,” – deyə açıqlamada bildirilib.
ABŞ Milli Hava Xidməti San Fransisko Körfəz Bölgəsi və Kaliforniya sahilləri üçün də sunami xəbərdarlığı verdiyini açıqlayıb. “Sudan və çimərliklərdən uzaq durun! Yerli hakimiyyət bölgəyə qayıtmağın təhlükəsiz olduğunu bildirənə qədər sahildən uzaq qalın,” – deyə qurum “X” platformasında xəbərdarlıq edib.
ABŞ Sunami Xəbərdarlıq Mərkəzi Ekvador üçün də xəbərdarlıq yayıb və zəlzələdən sonra dalğaların 3 metrə (10 fut) qədər yüksələ biləcəyini bildirib.
Filippin Seysmoloji Agentliyi də sunami təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edərək, Sakit okeana baxan sahilyanı ərazilərdə yaşayanları çimərliklərdən uzaq durmağa çağırıb.