Hindistanda "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə 242 sərnişin həyatını itirib. Yerli polis təyyarənin Əhmədabaddakı Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından Londonun Qetvik hava limanına uçduğunu və cümə axşamı havaya qalxdıqdan dərhal sonra qəzaya uğradığını təsdiqləyib.
Məlumata görə, təyyarə şəhərin Meqani Naqar bölgəsində yerə çırpılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qəza yerindən qalxan güclü tüstü müşahidə olunub.
Təyyarə yerli vaxtla saat 01:38-də havaya qalxıb və 01:40-da hava limanı yaxınlığındakı binaya çırpılıb. Hadisə yerinə xilasetmə qrupları və fövqəladə yardım briqadaları göndərilib. Hindistanın Mülki Aviasiya Xidməti qəzanın səbəblərini araşdırmağa başlayıb.
Şahidlər əvvəlcə güclü partlayış səsi eşitdiklərini, sonra isə təyyarənin sürətlə yerə endiyini bildiriblər. Hindistan parlamentinin üzvü, keçmiş kriketçi Yusuf Pathan rəsmi “X” hesabında paylaşım edərək, qəzanın onu kədərləndirdiyini bildirib və bütün sərnişinlərə dua etdiyini qeyd edib.
"Air India" bildirib ki, təyyarədə 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya, 1 Kanada vətəndaşı, həmçinin 2 pilot və 10 ekipaj üzvü olub.
Hindistanın Baş naziri Narendra Modi rəsmi "X" platformasında etdiyi paylaşımda baş verən qəzanın onu kədərləndirdiyini bildirib.
N.Modi deyib: “Qəzadan təsirlənən hər kəsin yanındayam. Müvafiq nazirliklər və rəsmilərlə daim əlaqə saxlayıram.”
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Key Starmer də başsağlığı mesajı yayımlayıb.