Avqustun 3-də İsrail ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzzanın Xan Yunis şəhərində yerləşən qərargahını hədəf alıb. Hücum nəticəsində təşkilatın bir əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti rəsmi ‘‘X’’ (əvvəlki Twitter) internet səhifəsində paylaşım edib.
Paylaşımda bu ifadələrə yer verilib: “İsrail qüvvələrinin Xan Yunisdəki qərargahımıza təşkil etdiyi hücum nəticəsində bir əməkdaşımız həyatını itirib, üç nəfər yaralanıb. Binanın birinci mərtəbəsində yanğın baş verib.”
Hücum ABŞ nümayəndəsi Stiv Vitkofun bölgəyə səfərindən sonra baş verib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu isə bildirib ki, Qəzza hazırda tammiqyaslı aclığın astanasındadır. Onun sözlərinə görə, bölgədə insanlar aclıqla üz-üzədir, yerli aqro-ərzaq sistemləri tamamilə iflasa uğrayıb və ailələr gündəlik tələbatlarını belə qarşılaya bilmirlər.
Xatırladaq ki, İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində indiyədək 60.300-dən çox fələstinli həyatını itirib.
Davam edən bombardmanlar bölgəni viran qoyub və əhali ciddi ərzaq çatışmazlığı ilə üzləşib.