Avstraliyada İsrailin Qəzzaya qarşı müharibəyə başladığı 2023-cü il oktyabrın 7-dən bu yana islamofob hücumların sayında artım qeydə alınıb. “SBS News” telekanalının 28 iyulda (bu gün) verdiyi məlumata əsasən, bu hallarda xüsusilə qadınlar və qız uşaqları qeyri-proporsional şəkildə hədəf alınıb.
Məlumatda qeyd olunur ki, Avstraliya İslamofobiya Qeydiyyat Mərkəzinin rəhbəri Nora Amat qurbanların təxminən 75 faizinin qadınlar və qız uşaqları olduğunu, hücum edənlərin isə böyük əksəriyyətinin qeyri-müsəlman kişilər olduğunu bildirib.
Nora Amat qeyd edib ki, hərçənd geosiyasi hadisələr Avstraliyada islamofobiyanı alovlandıra bilər, lakin bu, tək səbəb deyil. Bu kimi hadisələrin artmasında və ya azalmasında siyasi ritorika çox mühüm rol oynayır. Minlərlə insidentdən söz edilir. Xüsusən də hicab taxan bir çox müsəlman qadın üçün bu cür islamofobiya halları, Avstraliyada müsəlman olmağın nə demək olduğunu dərindən düşündürür.
Qeyd edək ki, mart ayında Avstraliyada islamofobiya mövzusunda dərc edilən bir hesabatda 2023-cü ilin yanvarı ilə 2024-cü ilin noyabrı arasındakı dövrdə İslamofobiya Qeydiyyat Mərkəzinə edilən müraciətlər əsasında hücum, təhqir və təhdid hallarının kəskin artdığı göstərilib.
Avstraliyanın Monaş və Deakin universitetlərinin tədqiqatçıları 600-dən çox üzbəüz və onlayn hadisəni təhlil edərək, qurbanların əksəriyyətinin müsəlman qadınlar olduğunu müəyyən ediblər.