ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə zirvə görüşü keçirmək niyyətində olmadığını bildirib. O, Çinə səfər edə biləcəyini istisna etməyib, lakin bunun yalnız Çin prezidentinin dəvəti ilə baş verəcəyini qeyd edib.
"Truth Social" səhifəsində paylaşım edən Donald Tramp deyib:
"Saxta media orqanları guya Çin lideri ilə zirvə görüşü keçirmək istədiyimi yazır. Bu, tamamilə yanlışdır. Mən belə bir görüş planlaşdırmıram. Çinə yalnız Si Cinpinin dəvəti ilə gedə bilərəm. Belə bir dəvət artıq olunub. Marağınız üçün təşəkkür edirəm."
Hazırda ABŞ və Çin arasında ticarət danışıqları davam edir. ABŞ-ın maliyyə naziri Skot Bessent və Çin Baş nazirinin müavini He Lifenqin rəhbərlik etdiyi üçüncü raund danışıqlar İsveçin paytaxtı Stokholmda iyulun 30-na qədər davam edəcək.
"South China Morning Post" qəzetinin yaydığı məlumata görə, iki ölkə Stokholm danışıqları zamanı qarşılıqlı tarif atəşkəsini daha üç ay uzatmağı planlaşdırır.
Donald Tramp iyulun 27-də jurnalistlərə açıqlamasında administrasiyasının Çinlə ticarət razılaşmasına çox yaxın olduğunu bildirib.
"Çinlə razılaşmaya çox yaxınıq. Əslində bir növ razılıq əldə etmişik, amma necə nəticələnəcəyini zaman göstərəcək", – deyə Donald Tramp vurğulayıb.