İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusu (İKK) komandanı general Hüseyn Salami və general Qülaməli Rəşid öldürülüb.
İran dövlət mediasının məlumatına görə, iyunun 13-də (bu gün) yerli vaxtla səhər saat 03:00-da başlayan hücumlar nəticəsində bir sıra nüvə sahəsi üzrə alimlər də həlak olub.
Hücum nəticəsində öldürülən alimlər arasında Fəridun Abbasi, Əhmədrza Zülfiqari, Məhəmməd Mehdi Təhrançi və Əbdülhəmid Mənuçöhr var. Qeyd edək ki, keçmiş millət vəkili Fəridun Abbasi 2010-cu ildə keçirilən bir sui-qəstdən sağ çıxmışdı.
İsrailin hava hücumları təkcə hərbi və nüvə obyektlərini deyil, həm də yaşayış məntəqələrini hədəf alıb. Tehranda hədəf alınan bölgələr arasında Qeytəriyyə, Niyavəran, Nobonyad, Mahəlləti, Kamraniyyə, Səadət Abad və Andarzqu kimi şəhərin şimalındakı mərkəzi məhəllələr olub. Bundan əlavə, Mehrabad, Narmak, Səttar Xan, Fərəhzadi və paytaxtın digər əraziləri də bombardmana məruz qalıb.
Hədəf alınan əsas obyektlərdən biri İranın İsfahan vilayətində yerləşən Natanz nüvə stansiyası olub. Sosial şəbəkələrdə yayılan videolarda stansiyanın yaxınlığında alovlar və tüstü müşahidə edilib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) də Natanz obyektinin hücum edilən hədəflər arasında olduğunu təsdiqləyib.
Tehrana 30 kilometr məsafədə yerləşən Pərçin hərbi kompleksi və paytaxtdakı digər hərbi bazalar da İsrailin hava hücumlarının hədəfi olub. Eyni zamanda, şimaldakı Mazəndəran vilayətindəki hərbi obyektlərə də zərbələr endirildiyi bildirilib.
Yerli mənbələrin məlumatına görə, Qum, Hürməbad, Həmədan, Təbriz, Piranşəhr, Qərbi Azərbaycan, Kirmanşah, İlam və Ərak kimi şəhərlərdə də partlayışlar baş verib.
İran cavab vəd edir
Hücumlara cavab olaraq İranın ali dini lideri Ayətullah Əli Xamenei sərt açıqlama verərək hücumları qınayıb və ciddi cavab veriləcəyini bəyan edib. “Sionist rejim bu gün səhər saatlarında çirkin və qanlı əllərini mübarək vətənimizin üzərinə uzadaraq yeni bir cinayət törətdi və dinç əhalinin yaşadığı məntəqələri hədəfə almaqla şeytani mahiyyətini hər zamankından daha açıq şəkildə ortaya qoydu. Sionist rejim ağır bir cəzanı gözləməlidir. Allahın izni ilə İran İslam Respublikasının güclü silahlı qüvvələri bu hücuma mütləq cavab verəcək və düşməni rahat buraxmayacaq. Sionist rejim bu hücumla özü üçün ağrılı və qaranlıq bir son hazırlamış oldu. Bu qaçılmaz aqibət gec-tez onu tapacaq”, – deyə Xamenei bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general-mayor Əbülfəzl Şikarçi də sərt bəyanatla çıxış edib. ‘‘Sionist rejim və ABŞ ordumuzdan sərt bir cavab alacaq. Narahatlığa əsas yoxdur. Həm ABŞ, həm də sionistlər ağır nəticələrlə üzləşəcəklər’’,-deyə Əbülfəzl Şikarçi söyləyib.
Qeyd edək ki, İsrailin hücumları regionda gərginliyin artdığı bir dövrdə baş verib. İsrail Baş naziri Benyamin Netanyahu da daxil olmaqla yüksək vəzifəli israilli rəsmilər İranın nüvə infrastrukturuna hücum edəcəkləri ilə bağlı açıqlamaları ilə gərginliyi daha da artırmışdı.
Mövcud gərginlik rəsmi Tehran və Vaşinqton rəhbərliyi arasında davam edən nüvə danışıqlarının da taleyini sual altına salır. Məlumata əsasən, iyunun 15-i keçirilməsi planlaşdırılan dolayı görüşlərin altıncı raundunun ləğv edilməsi ehtimalı yüksəkdir.
Öldürülən yüksək rütbəli şəxslər və alimlər:
General-polkovnik Mühəmməd Baqiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
General Hüseyn Salami – İslam İnqilabı Keşikçiləri Korpusu komandanı
General Qülaməli Rəşid – İslam İnqilabı Keşikçiləri Korpusu komandanı
Fəridun Abbasi – nüvə sahəsi üzrə alim
Məhəmməd Mehdi Təhrançi – nüvə sahəsi üzrə alim
Əbdülhəmid Mənuçöhr – nüvə sahəsi üzrə alim
Əhmədrza Zülfiqari – nüvə sahəsi üzrə alim
Hədəf alınan şəhər və obyektlər:
Natanz Nüvə Stansiyası
Pərçin Hərbi Kompleksi
Tehrandakı Baş Qərargah
Qeytəriyyə, Niyavəran, Nobonyad, Mahəlləti, Kamraniyyə, Səadət Abad, Andarzqu, Mehrabad, Narmak, Settar Xan, Fərəhzadi, Ozqul, Çitqar, Şəhid Çamran Nobonyad Kompleksi, Şəhid Dehqan Kompleksi – Tehran
Qum, Hürməbad, Həmədan, Təbriz, Qərbi Azərbaycan, Piranşəhr, Kirmanşah, İlam, Ərak, Qəsri Şirin – digər hədəf alınan şəhərlərdir.