Bədəvi qəbilələri ilə druz milisləri arasında baş verən toqquşmadan sonra Suriya hakimiyyəti Suveyda ətrafında təhlükəsizlik dəhlizi yaradıb.
SANA dövlət xəbər agentliyinin məlumatına görə, Suriya Daxili İşlər Nazirliyi təhlükəsizliklə bağlı davam edən narahatlıqlar səbəbilə Suveyda vilayətindən dinc sakinləri təxliyə etmək qərarına gəlib.
Vilayətin daxili təhlükəsizlik rəisi Əhməd əl-Dalati iyulun 21-də səhər radələrində bildirib ki, plan “mövcud şəraitdən təsirlənən mülki şəxslərin təhlükəsiz təxliyəsini asanlaşdırmaq və vəziyyət imkan verdikdə, onların təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etməkdir”.
Dalati "Biz Suveydanı tərk etmək istəyən bütün mülki şəxslərin çıxışını təmin etməkdə qəti qərarlıyıq. Bölgədə sabitliyi və təhlükəsizliyi bərpa etmək səylərimizin bir hissəsi olaraq geri qayıtmaq istəyənlərin də daxil olmasına icazə verəcəyik" deyib.
Dalati bölgənin təhlükəsizliyini təmin etmək və toqquşmaları dayandırmaq üçün təhlükəsizlik dəhlizi qurduqlarını bildirərək, bu tədbirin bölgədə sülh yolunun qorunması və sabitliyin bərpası üçün kritik əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, iyulun 13-də Suveydada bədəvi qəbilə döyüşçüləri ilə druz milisləri arasında toqquşmalar baş verib.
İsrail druz icmalarını qorumaq bəhanəsi ilə Suriya ordusunun Dəməşqdəki mövqelərini və infrastrukturunu hədəf alan hava hücumlarına başlayıb.
Bununla belə, Suriya daxilindəki druz liderlərinin əksəriyyəti xarici müdaxiləni rədd edib və vahid Suriya dövlətini dəstəklədiklərini bildiriblər.