Özbəkistan Respublikası Prezident Aparatının Ofisi ölkənin BRİCS çərçivəsində Yeni İnkişaf Bankına üzv olacağını açıqlayıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən tədbirdə iştirak etmək üçün ölkədə səfərdə olan Yeni İnkişaf Bankının prezidenti Dilma Rusef ilə görüşüb.
Görüş zamanı Özbəkistan ilə bank arasında əməkdaşlığın inkişafı müzakirə edilib və bankın direktorlar şurasının Özbəkistanın banka üzvlüyünü prinsipial olaraq təsdiqləməsindən məmnunluq ifadə olunub. Həmçinin bildirilib ki, BRİCS-in ötənilki sammitində əldə olunan razılaşmalar çərçivəsində birinci mərhələdə Özbəkistan üçün ümumilikdə 5 milyard dollarlıq birgə layihələrin yaradılması nəzərdə tutulur.
Mirziyoyev ölkədə suvarma sistemlərinin modernləşdirilməsi, mədənçıxarma sektorunun inkişafı, özəl sektorun maliyyələşdirilməsi, təhsil və infrastruktur sektorlarında dövlət-özəl tərəfdaşlığın təşviqi kimi prioritet sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Özbəkistan ötən il Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Efiopiya və İndoneziyanın daxil olduğu BRİKC-ə üzv qəbul edilib.
BRİCS 2015-ci ildə Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ yaratmaq və üzv ölkələrdə dollarlaşma səviyyəsini azaltmaq üçün Yeni İnkişaf Bankını yaradıb.