ABŞ prezidenti Donald Tramp iyulun 31-də (bu gün) Kanadanın Fələstin dövlətini tanıyacağını bəyan etməsindən sonra Ottava rəhbərliyi ilə ticarət sazişinin “qəliz” olacağını bildirib. D.Tramp bu fikirləri “Truth Social” platformasında paylaşdığı bəyanatda deyib.
“Vay! Kanada Fələstinin dövlət kimi tanınmasını dəstəklədiyini açıqlayıb. Bu bizim onlarla ticarət sazişi bağlamağımızı çətinləşdirəcək. Ah, Kanada!!!” – deyə D.Tramp yazıb.
ABŞ prezidenti D.Trampın bu açıqlamaları Kanada Baş naziri Mark Karninin iyulun 30-da verdiyi bəyanatdan sonra gəlib. Baş nazir M.Karni bildirmişdi ki, Kanadanın 2025-ci ilin sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında Fələstin dövlətini rəsmən tanımaq planı var.
Qeyd edək ki, Baş nazir bu fikirləri Ottavada keçirilən Nazirlər Kabineti iclasından sonra təşkil etdiyi mətbuat konfransında səsləndirib. O əlavə edib ki, Qəzzadakı dözülməz humanitar vəziyyət bu qərarın verilməsində əsas rol oynayıb.