İsrail İranın “nüvə və hərbi obyektlərinə” hücumlar edib, İran mediası isə paytaxt Tehranda İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının ölümü ilə nəticələnən partlayışların olduğunu bildirib.
“Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri şəhid olub”, - deyə məlumatda bildirilib.
İyunun 13-də edilən hücumlarda öldürülən Baqiri 2016-cı ildən İran ordusuna rəhbərlik edirdi və Tehranın ballistik raket proqramının memarı kimi görünürdü.
Salami isə İranın hərbi rəhbərliyində əsas komandir və SEPAH-ın ən qabaqcıl komandirlərindən biri idi.
İranın dövlət mediası hücumlarda general Qulam Əli Rəşid, ordu komandirinin müavini və nüvə alimləri Fəridun Abbasi, Məhəmməd Mehdi və Əhməd Rza Zülfikarın da həlak olduğunu bildirib.
Dövlət televiziyası “paytaxt Tehranın müxtəlif yerlərində güclü partlayış səslərinin eşidildiyini” və hücumlarda dinc sakinlər də daxil olmaqla çoxlu insanın öldüyünü açıqlayıb.
Dövlət televiziyası əlavə edib ki, partlayış səsləri İranın mərkəzi İsfahan əyalətindəki böyük nüvə obyekti olan Natanzda da eşidilib.
Xəbərdə “İsfahan əyalətindəki Natanz uranın zənginləşdirilməsi obyektində yeni partlayış səsi eşidildiyini” və bir neçə saat sonra obyektdən qalın qara tüstünün qalxdığını göstərdiyini bildirib.
İran Xarici İşlər Nazirliyi İsrailin hücumlarını pisləyib və onları “beynəlxalq hüququn açıq şəkildə pozulması” adlandırıb. Nazirlik qısa bəyanatında İranın “qətiyyətli cavab vermək hüququnu özündə saxladığını” və “İsrail rejiminin təcavüzünün nəticələri ilə üzləşəcəyini” bildirib.
İran silahlı qüvvələri də İsrailin hücumuna “güclü cavab” vəd edib və əlavə edib ki, Təl-Əviv üçün bunun qarşılığı ağır olacaq.
"İstənilən bütün hazırlıqlar görülüb"
Yaxın zamanda İsrail ordusunun açıqlamasında bildirilib ki, onlarla IAF (İsrail Hərbi Hava Qüvvələri) təyyarəsi İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə zərbələrin birinci mərhələsini tamamlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İranın aparıcı nüvə alimlərini hədəf aldığını və eyni zamanda İranın ballistik raket proqramının mərkəzini vurduğunu iddia edib.
İsrailin nəyi vurduğu dəqiq bilinməsə də, Tehranın qərbindəki Çitqar məhəlləsindən tüstünün qalxdığı bildirilir. Ərazidə heç bir məlum nüvə obyekti yoxdur, lakin ölkənin digər hissələrinin vurulub-vurulmadığı bəlli deyil.
İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İsrail on minlərlə hərbçini çağırıb.
"Bütün sərhədlərimiz boyunca hazırıq. Xəbərdarlıq edirəm ki, bizə meydan oxumağa cəsarət edən hər kəs bunun əvəzini ağır ödəyəcək", -deyə Zamir qeyd edib.
ABŞ İrana hücumda heç bir rolunun olmadığını açıqlayıb
İsrail ordusunun rəsmisi bildirib ki, İsrail İranın nüvə obyektlərini hədəf alıb.
Adının çəkilməməsi şərti ilə jurnalistlərə açıqlama verən rəsmi davam edən və "hərbi mövqeləri" də hədəf alan hücumu qiymətləndirib.
İsrailin müdafiə naziri İsrael Kats İsrail ordusunun İrana hücum etdiyini və eyni zamanda bütün İsraildə fövqəladə vəziyyət elan edildiyini bildirib.
Kats həmçinin İsraildə "xüsusi vəziyyət" olduğunu və məktəblərin iyunun 13-də ölkə daxilində bağlı olacağını açıqlayıb. O, hücumları Tehrana qarşı “qabaqlayıcı” hücum kimi qiymətləndirib.
İsrail Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, İsrailin İrana qabaqlayıcı zərbə endirməsindən sonra, yaxın gələcəkdə İsrail dövlətinə və onun mülki əhalisinə raket və dron hücumu gözlənilir.
Bu arada ABŞ dövlət katibi Marko Rubio İsrailin birtərəfli hərəkət etdiyini bildirib.
"İsrail birtərəfli hərəkət etdi. İrana hücumlarda iştirak etmirik. İran ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamalıdır", -deyə Rubio bildirib.