Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiyanın Soçi şəhərindəki neft anbarını hədəf alıb.
Bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev rəsmi ‘‘Telegram’’ kanalında məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində yanğın baş verib və alovun söndürülməsinə 120-dən çox yanğınsöndürən cəlb olunub.
Rusiyanın RİA xəbər agentliyi fövqəladə hallar rəsmilərinə istinadən bildirib ki, Soçinin yerləşdiyi Krasnodar bölgəsində 2000 kubmetrlik yanacaq çəni yanıb.
Rusiyanın Mülki Aviasiya İdarəsi – Rosaviatsia hava təhlükəsizliyini təmin etmək məqsədilə Soçi hava limanında uçuşların dayandırıldığını açıqlayıb.
Kondratyev həmçinin bildirib ki, hücum sahilyanı kurort şəhəri Adlerdə baş verib. Bu, Ukraynanın Rusiyanın enerji infrastrukturuna yönəltdiyi növbəti hücum kimi qiymətləndirilir.
Qeyd edək ki, ötən ayın sonunda Ukraynaya məxsus pilotsuz uçuş aparatının Adler bölgəsinə endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olmuşdu.
Krasnodar bölgəsində yerləşən və Rusiyanın cənubundakı ən böyük neft obyektlərindən biri hesab olunan İlski Neft Emalı Zavodu da tez-tez Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalır.
Rusiyanın cənubundakı Voronej vilayətinin qubernatoru bildirib ki, Ukraynanın PUA zərbəsi nəticəsində bir qadın yaralanıb və bölgədə bir neçə yanğın baş verib. Ukrayna hərbi rəhbərliyi isə Rusiyanın Kiyevə raket hücumu təşkil etdiyini açıqlayıb.