Kamboca hökuməti Tailandla aralarında baş vermiş qanlı toqquşmalardan sonra əldə olunmuş atəşkəs rejimi fonunda, saxlanılan 20 kambocalı hərbçini təcili şəkildə geri qaytarmasını tələb edib.
Son bir həftədə Cənub-Şərqi Asiyanın bu iki qonşu dövləti arasında yaşanan və beş gün davam edən şiddətli döyüşlər nəticəsində, əksəriyyəti mülki əhali olmaqla təxminən 43 nəfər həyatını itirib, 300 min nəfərdən çox insan isə məcburi şəkildə köçkün düşüb. Döyüşlər iyulun 28-də Malayziyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması ilə dayandırılıb.
Atəşkəsin elan olunmasından sonra Kamboca tərəfi bəyan edib ki, Tailand mübahisəli sərhəd zonasında kambocalı hərbçiləri əsassız olaraq saxlayıb və onlardan birini öldürüb. Baş nazir Hun Manet iyulun 31-də verdiyi bəyanatda, Tailand tərəfinə çağırış edərək saxladıqları 20 əsgəri dərhal qaytarılmasını tələb edib.
Məsələyə münasibət bildirən Tailandın Baş nazirinin səlahiyyətlərini icra edən Phumtham Veçayaçay deyib ki, saxlanılan hərbçilər faktların araşdırılması üçün dindirməkdədir və prosedur başa çatdıqdan sonra onlar azad ediləcəklər. O, həmçinin Tailand ordusunun atəşkəs razılaşmasını pozmadığını vurğulayıb.
İyulun 28-də razılaşdırılmış atəşkəsdən sonra tərəflər arasında keçirilən hərbi görüşlərdə, yaralananların və həlak olanların cəsədlərinin qarşılıqlı qaytarılması, eləcə də sərhəd boyunca əlavə hərbi qüvvələrin yerləşdirilməməsi barədə razılıq əldə olunub.
Kamboca iyulun 30-da atəşkəsin qüvvədə olduğunu sübut etmək üçün sərhəd-keçid məntəqəsinə diplomatik nümayəndə heyətini və hərbi attaşeləri aparıb.
Xəbər verildiyi kim, Tailandla Kamboca arasında 817 kilometrlik quru sərhəd boyunca yerləşən bəzi ərazilər uzun illərdir razılaşdırılmayıb və bu da təkrarlanan gərginliklərə səbəb olur.
Qeyd edək ki, axırıncı atəşkəs razılaşması Malayziyanın diplomatik təşəbbüsü və ABŞ-ın çağırışı nəticəsində əldə olunub. ABŞ prezidenti Donald Tramp hər iki ölkənin liderləri ilə əlaqə saxlayaraq, döyüşlərin davam etdiyi halda ticari razılaşmaların nəticəsiz qalacağı barədə xəbərdarlıq edib.
Hazırda Tailand və Kambocanın ABŞ-a ixrac etdiyi məhsullara qarşı 36 faiz gömrük rüsumu tətbiq olunur.