Ukrayna və Rusiya həftə ərzində dördüncü dəfə əsir mübadiləsi həyata keçirdi. Bu barədə iyunun 14-də münaqişə tərəfləri məlumat verib. Mübadilə iyunun əvvəlində İstanbulda əldə olunan razılaşmalar əsasında baş tutub.
“Biz öz insanlarımızı Rusiya əsirliyindən çıxarmağa davam edirik. Bu, bir həftə ərzində dördüncü mübadilədir”, - deyə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.
Rusiyanın Müdafiə Nazirliyi də “Telegram”dan bu bəyanatı yayınlayıb: “Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq daha bir qrup rusiyalı hərbçi Ukrayna nəzarətində olan ərazidən geri qaytarıldı.”
Ukraynanın əsir mübadiləsinə cavabdeh olan rəsmiləri bildiriblər ki, Rusiya tərəfindən daha 1200 naməlum cəsəd alıblar. Rusiya bu cəsədlərin Ukrayna vətəndaşlarına, o cümlədən hərbi personalına aid olduğunu deyib. Ukrayna isə Rusiyaya hər hansı cəsəd qaytarıb-qaytarmadığı barədə məlumat verməyib.
V.Zelenskinin “Telegram”da paylaşdığı fotolarda müxtəlif yaşda kişilər, əksəriyyəti qısa saçlı, kamuflyaj geyimində və Ukrayna bayraqlarına bürünmüş vəziyyətdə görünür. Bəziləri yaralı idi. Digərləri avtobuslardan enərək onları qarşılayanlara sarılır, ya da telefonla kiməsə zəng edərək üzlərini örtür, sevinirdilər.
Mübadilə Rusiyanın atəşkəs çağırışlarını dəfələrlə rədd etdiyi və cəbhə xətti boyunca, xüsusilə də şimal-şərqdə yerləşən Sumı bölgəsində hücumlarını intensivləşdirdiyi bir vaxtda baş tutub. Rusiya bu bölgədə Kursk regionunu qorumaq üçün “təhlükəsizlik zonası” yaratmağa çalışır. Zelenski bildirib ki, Rusiyanın Sumıya irəliləyişi dayandırılıb və Kiyev bir kəndini geri qaytarıb.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Sumı əməliyyatında 53.000 adamdan istifadə edib.