Salvador millət vəkilləri prezidentlik müddətinə qoyulan məhdudiyyətləri aradan qaldıran və parlamentdə böyük çoxluğa sahib olan hazırkı ölkə başçısı Nayib Bukelenin müddətsiz namizədliyinə imkan verən konstitusiya islahatını qəbul ediblər.
İyulun 31-də keçirilən səsvermədə islahat 57 lehinə, 3 əleyhinə səslə qəbul edilib. Sənəddə prezidentlik müddətinin beş ildən altı ilə uzadılması da nəzərdə tutulur. Bu təşəbbüs hakim partiyadan olan millət vəkili Ana Fiqueronun konstitusiyanın beş maddəsində dəyişiklik təklif etməsindən sonra baş tutub.
Təklif həmçinin ilk turda ən çox səs toplayan iki namizədin iştirak etdiyi ikinci tur seçkilərin ləğv edilməsini də əhatə edir. Ölkənin hakim partiyası və parlamentdəki müttəfiqləri bu dəyişiklikləri əksəriyyət üstünlüyü ilə təsdiqləyiblər.
N.Bukele ötən il konstitusion qadağalara baxmayaraq, böyük fərqlə yenidən prezident seçilmişdi. Bu, 2021-ci ildə partiyası tərəfindən təyin olunan Ali Məhkəmə hakimlərinin onun ikinci beş illik müddətə namizədliyinə icazə verməsi ilə mümkün olmuşdu.
Qeyd edək ki, N.Bukele, əsasən ölkənin güclü küçə dəstələrinə qarşı sərt mübarizəsi səbəbilə geniş populyarlıq qazanıb.
Hətta seçicilər onun hökumətinin əvvəlki hakimiyyətlər kimi dəstələrlə danışıqlar apardığına dair sübutları görməzlikdən gəlməyə hazırdır. Belə ki, N.Bukele bəzi konstitusiya hüquqlarını müvəqqəti dayandıran və on minlərlə nəfərin həbsinə imkan verən fövqəladə vəziyyət rejimini elan etməzdən əvvəl bu danışıqları aparmışdı.
N.Bukelenin təhlükəsizlik sahəsində əldə etdiyi nəticələr və siyasi yanaşması, bölgədə onun siyasətini təqlid etməyə çalışan digər liderlərə də təsir göstərib.