Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqində yerləşən İturi əyalətində Müttəfiq Demokratik Qüvvələrinə (MDQ) tabe olan silahlılar tərəfindən həyata keçirilən hücum nəticəsində azı 43 mülki şəxs həyatını itirib.
Silahlı şəxslər İrumu bölgəsindəki Komanda qəsəbəsinə basqın edərək, bölgə xəstəxanası yaxınlığında yerləşən ibadət yerində toplaşan insanları hədəfə alıblar.
Bölgə sakini Mvila Kiloko “Anadolu” agentliyinə açıqlamasında deyib:
"Hücum gecə yarısı başladı. Yaxınlıqda yaşayan bir çox köçkün də öldürüldü. Əvvəlki hücumlardan fərqli olaraq bu dəfə heç bir xəbərdarlıq əlaməti olmadı."
Şahidlərin sözlərinə görə, hücum zamanı evlər yandırılıb, şəxsi əşyalar talan edilib. Oiçadan olan bir tacirə məxsus yük maşını da yandırılanlar arasında olub.
Hücum zamanı əsasən şəhər mərkəzi hədəf alıb. Bu hadisə mülki şəxslərin müdafiəsi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.
Hücum nəticəsində həlak olanların cəsədləri bazar günü səhər saatlarınadək hadisə yerində qalıb. Hökumətin səssizliyinə etiraz edən yerli sakinlər əyalət hakimiyyəti qətliamı rəsmi şəkildə tanıyana qədər cəsədləri dəfn etməkdən imtina ediblər.
Yerli vətəndaş cəmiyyəti təşkilatları hərbi qubernatora müraciət edərək Komandanı ziyarət etməsini və növbəti qətliamların qarşısını almaq üçün təcili təhlükəsizlik tədbirlərinin görülməsini tələb ediblər.
Hücum onsuz da zorakılığın hökm sürdüyü bölgədə iki ildən artıq müddətdir qüvvədə olan hərbi vəziyyətin yenidən gündəmə gəlməsinə səbəb olub.
Qeyd edək ki, Komanda qəsəbəsi uzun müddətdir zorakılığın mərkəzi kimi tanınan Beni-Bunia dəhlizində yerləşir. Son aylarda baş verən oxşar hücumlar onlarla dinc sakinin həyatını itirməsinə və bölgədə qeyri-sabitliyin daha da dərinləşməsinə səbəb olub.