Fələstin Səhiyyə Nazirliyi İsrailin 2023-cü ilin oktyabr ayından blokada altında olan Qəzzaya humanitar yardıma mane olmasından sonra 76-sı uşaq olmaqla ən azı 86 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyünü bildirib.
Nazirlik iyulun 20-də verdiyi yazılı açıqlamada Qəzzada 76-sı uşaq olmaqla 86 nəfərin aclıq və qida çatışmazlığından həyatını itirdiyini bildirib.
Açıqlamada blokadada olan bölgədəki humanitar böhran “səssiz qırğın” olaraq qiymətləndirilib və humanitar vəziyyətin pisləşməsinə görə İsrail və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığı vurğulanıb.
Nazirlik son 24 saatda Qəzzada ən azı 18 nəfərin aclıqdan öldüyünü bəyan edərək, ərzaq və dərman göndərilməsinin təmin edilməsi üçün sərhəd keçid-məntəqələrinin dərhal açılmasını istəyib.
İsrail Qəzza ilə bütün sərhəd keçid-məntəqələrini martın 2-dən bəri bağlı saxlayaraq, humanitar yardımın əldə edilməsinə mane olub. Bu vəziyyət aclığın yayılmasını daha da sürətləndirir.
İsrailin Qəzzada soyqırımı
İsrail blokadada saxladığı Qəzzaya hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla təxminən 59 min fələstinlini öldürüb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, daha 11.000 fələstinlinin dağılmış evlərin dağıntıları altında qaldığı təxmin edilir.
Mütəxəssislər Qəzza rəsmilərinin açıqladığı rəqəmlərin qeyri-real olduğunu və əsl ölənlərin sayının 200 minə yaxınlaşa biləcəyini deyirlər.
Davam edən hücumlar zamanı İsrail Qəzzanın böyük hissəsini xarabalığa çevirib və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salıb.
Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və o zamankı müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.
İsrail də Qəzzaya qarşı apardığı müharibəyə görə soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunur.