“Sərhədsiz Həkimlər” (MSF), “Uşaqları Qoruyaq” (Save the Children) və “Oxfam” da daxil olmaqla 111 yardım təşkilatı İsrailin blokadası altındakı Qəzza zolağında kütləvi aclıq təhlükəsinin sürətlə yayıldığını bəyan edib.
Təşkilatların iyulun 23-də (bu gün) yaydığı ortaq bəyanatda deyilir:
“Həmkarlarımız və yardım göstərdiyimiz insanlar getdikcə tükənmək üzrədir. İnsani yardım sistemi yalan vədlərlə idarə oluna bilməz. Yardım işçiləri dəyişkən cədvəllərlə fəaliyyət göstərə bilməz. Siyasi öhdəliklərin yerinə yetirilməsini gözləməyə daha vaxt yoxdur”.
Bundan əlavə bəyanatda vurğulanıb ki, tonlarla humanitar yardım Qəzza sərhədlərinin kənarında anbarlarda ilişib qalıb və nəqliyyat maneələri səbəbilə bu yardımlara toxunmaq belə mümkün deyil.
Təşkilatlar həmçinin dərhal razılaşdırılmış atəşkəsin elan olunması, bütün quru keçidlərinin açılması və yardımların BMT-nin rəhbərliyi ilə azad şəkildə bölgəyə girişinin təmin olunması çağırışını ediblər.
“Fələstinlilər yardım və atəşkəs ümidi ilə yaşayır. Lakin hər səhər daha da pisləşən şəraitə oyanırlar. Bu, sadəcə fiziki deyil, həm də psixoloji işgəncədir. Sağ qalmaq artıq çarəsiz bir xəyal halına çevrilib,” – deyə bəyanatda qeyd olunub.
Aclıq və Soyqırım
Fələstin Səhiyyə Nazirliyi iyulun 23-də (bu gün) yaydığı açıqlamada bildirib ki, son 24 saatda dördü uşaq olmaqla təxminən 15 fələstinli aclıqdan dünyasını dəyişib. Bununla da 2023-cü ilin oktyabrından bəri qeyri-kafi qidalanma səbəbilə həyatını itirənlərin sayı 101-ə çatıb. Onlardan 80-i azyaşlıdır.
Rəsmi məlumatlara görə, İsrailin blokada altında saxladığı ərazidə indiyədək əksəriyyəti qadın və uşaqlardan ibarət olmaqla 59.000-dən çox fələstinli öldürülüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA yazır ki, təxminən 11.000 nəfərin dağıntılar altında qaldığı güman olunur.
Bəzi ekspertlər bildirirlər ki, Qəzza hakimiyyətinin açıqladığı rəqəmlər real ölənlərin sayını əks etdirmir və əsl sayının 200.000 nəfərə qədər ola biləcəyi ehtimal olunur.
Qeyd edək ki, 2023-cü il 7 oktyabrdan etibarən İsrail bölgənin böyük bir hissəsini xarabalığa çevirib və əhalinin demək olar ki, tamamını köçkün vəziyyətə salıb. Həmçinin, Tel-Əviv rəhbərliyi zəruri yardımın bölgəyə daxil olmasına maneələr yaradaraq, təkcə ABŞ dəstəyi ilə yaradılan və “ölüm tələsi” adlandırılan mübahisəli yardım platformasına məhdud giriş icazəsi verib.