Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Dəməşqin mərkəzinə endirdiyi hava zәrbәlәrini sərt şəkildə pisləyib.
Nazirliyin bəyanatında bu hücumların Suriyanın sülh, sabitlik və təhlükəsizlik səylərinə qarşı təxribat xarakteri daşıdığı bildirilib.
Rəsmi Ankara bu cür hərəkətlərin Suriyada normallaşma üçün yaranan nadir imkanları təhlükə altına atdığı barədə xəbərdarlıq edib.
Türkiyə Suriyada siyasi həllə dəstək verən bütün maraqlı tərəfləri ölkə hökumətinin sülhü və sabitliyi təmin etməyə yönəlmiş səylərinə konstruktiv şəkildə töhfə verməyə çağırıb.
Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, İsrailin paytaxt Dəməşqə endirdiyi hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb. Hücum zamanı Prezident İqamətgahı yaxınlığındakı ərazinin də hədəf alındığı bildirilib.
İyulun 16-da İsrail ordusu Suriyanın cənubunda yerləşən Sveyda şəhərinə də hava hücumu həyata keçirib. Bu, Suriyanın suverenliyinin növbəti dəfə pozulması kimi qiymətləndirilir.
Hücumlar Sveydada druz və bədəvi silahlı qruplar arasında baş verən və azı 30 nəfərin ölümü ilə nəticələnən toqquşmalardan sonra baş verib. Hücumlardan sonra Suriya ordusu bölgədə təhlükəsizliyi təmin etmək, mülki əhalini və onların əmlakını qorumaq məqsədilə əraziyə qoşun yeritmişdi.