İyulun 20-də 6-cı Beynəlxalq Yelkən Yarışlarının Kıbrıs (Kipr) mərhələsi start götürüb. Marmarisdən yola çıxan yelkənçilər, Kıbrıs Sülh Hərəkatının tarixi əhəmiyyətini yad etmək və azadlıq ruhu ilə gələcəyə inamla baxmaq məqsədilə dənizə açılıblar. Onlar 25 iyulda finiş xəttinə çatacaqlar.
Qeyd edək ki, yarışlar Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) əməkdaşlığı və İstanbul Açıq Dəniz Yelkən Yarışı Klubunun təşkilatçılığı ilə “DHL Express”in əsas sponsorluğu çərçivəsində keçirilir. İkinci mərhələdə 150 idmançı 340 dəniz mili uzunluğunda marşrutda gərgin mübarizə aparacaq.
Kıbrıs Sülh Hərəkatının 51-ci ildönümünə həsr olunmuş yarış eyni zamanda, Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyinə və azadlığına hörmətin, eləcə də “Mavi Vətən” konsepsiyasına sədaqətin güclü simvolu kimi önə çıxacaq.
Mərhələ sonunda qalib komandaya bu il ilk dəfə olaraq Arkın Yaradıcılıq İncəsənət və Dizayn Universitetinin İncəsənət fakültəsinin tələbələri tərəfindən hazırlanmış xüsusi kubok təqdim ediləcək.
Yarış iştirakçıları Marmaris körfəzindən dövlət rəsmisi Nurullah Kaya, Cənub Dəniz Səthi Komandanı Vitse-admiral Rafet Oktar, Aksaz Dəniz Bazasının Komandiri Kontr-admiral Neslim Eski və Arkın Qrup İdarə Heyətinin sədri Erbil Arkının verdiyi start siqnalı ilə yola salınıblar.
Nurullah Kaya hakimlərin radiosu vasitəsilə iştirakçılara uğurlar arzulayaraq, küləklərinin bol, dənizin isə onlar üçün sakit olmasını diləyib.
İstanbul Açıq Dəniz Yelkən Yarışı Klubunun rəhbəri Ekrem Yemlihaoğlu isə noyabr ayında da Marmarisdən Karpaza yeni bir yarış təşkil ediləcəyini bildirib. Bununla da o, Türkiyənin dörd bir yanında bayraqlarını dalğalandırmağa davam edəcəklərini qeyd edib.