Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenskidən müstəqil antikorrupsiya institutlarını qorumağı xahiş edib. Volodimir Zelenski isə bu sahədə dəstək verən qanunun bir neçə gün ərzində qəbul edilə biləcəyinə işarə edib.
Ursula fon der Leyen telefon danışığından sonra etdiyi paylaşımda deyib:
"Ukrayna Avropa İttifaqına üzv olmaq üçün mühüm irəliləyiş əldə edib. Bu möhkəm təməlləri inkişaf etdirməli və qanunun aliliyinin təməl daşlarından biri olan müstəqil antikorrupsiya institutlarını qorumağa davam etməlidir."
Ursula fon der Leyen həmçinin Ukraynanın Aİ-yə üzvlük yolundakı səylərini dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
"Ukrayna Aİ-yə üzvlük yolundakı irəliləyişini davam etdirmək üçün bizim dəstəyimizə arxalana bilər",-deyə Ursula fon der Leyen bildirib.
Qeyd edək ki, ictimai etirazlardan sonra Volodimir Zelenski Ukraynanın antikorrupsiya qurumlarının müstəqilliyini bərpa etməyi nəzərdə tutan yeni qanun layihəsini təqdim edib. Bu addım həmin qurumların muxtariyyətini zəiflətməyə yönəlmiş əvvəlki qanun layihəsinin əvəz olunması anlamına gəlir.
Zelenski iyulun 27-də rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:
"Ukraynanın antikorrupsiya qurumlarının müstəqilliyini və effektiv fəaliyyətini təmin edən qanun layihəsini müzakirə etdik. Bu istiqamətdə verdiyi dəstəyə görə Aİ Komissiyasına təşəkkürümü bildirdim. Eyni baxışları bölüşürük. Qanunun gələn həftə gecikmədən qəbul olunması vacibdir."
Rusiyaya qarşı yeni sanksiyalar
Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Rusiyaya qarşı sanksiyaların Avropa İttifaqının sanksiyalarına uyğunlaşdırılması ilə bağlı fərman imzalayıb.
Ukrayna Prezident Administrasiyasının rəsmi saytında yayımlanan fərman ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının əvvəlki qərarını təsdiqləyir.
Zelenski eyni zamanda Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan digər bir fərman da imzalayıb.
Hər iki fərmanın imzalanması ayın əvvəlində Prezident Zelenskinin xarici işlər naziri Andri Sibihaya Aİ-nin 18 iyulda qəbul etdiyi 18-ci sanksiyalar paketinin “Ukraynanın yurisdiksiyası daxilində” koordinasiyasını tapşırmasından sonra həyata keçirilib.