İsrailin insan hüquqları təşkilatının verdiyi məlumata görə, Qəzzaya humanitar yardım aparan gəmidə olan iki fəal İsrail tərəfindən təkadamlıq kameralara yerləşdirilib. Bu barədə təşkilat çərşənbə günü yaydığı bəyanatda məlumat verib.
Bəyanatda vurğulanıb ki, Tiaqo Avila iki gün əvvəl başladığı aclıq və susuzluq aksiyasına görə Ayalon həbsxanasında təkadamlıq kameraya salınıb. Təşkilat həbsxana rəsmilərinin Avilaya aqressiv davrandığını, lakin fiziki zorakılıq tətbiq olunmadığını qeyd edib.
Bəyanatda həmçinin bildirilib ki, Rima Həsən Givon həbsxanasında divara “Fələstinə azadlıq” şüarı yazdıqdan sonra Neve Tirza həbsxanasında qeyri-insani şəraitdə təkadamlıq kameraya yerləşdirilib.
İnsan hüquqları təşkilatı iki əcnəbi fəalın fərqli həbsxanalara köçürülməsini “könüllülərin hüquqlarının kobud şəkildə pozulması və onlara mənəvi-siyasi təzyiq göstərmək cəhdi” kimi qiymətləndirib. Təşkilat İsraili saxlanılan bütün könüllüləri dərhal azad etməyə çağırıb.
Qeyd edək ki, adıçəkilən fəallar bazar ertəsi günü İsrail qüvvələri tərəfindən “Madleen” adlı yardım gəmisində saxlanılan 12 beynəlxalq fəaldan ikisidir. İsrail çərşənbə axşamı dörd fəalı artıq ölkələrinə deportasiya edib.
Saxlanılan digər altı fəal isə türkiyəli Şuayb Ordu, hollandiyalı Mark van Rennes, fransalı Paskal Maurieras, Yanis Mhamdi, Reva Viard və almaniyalı Yasemin Acardır.
2023-cü ilin oktyabr ayından etibarən 55.100-dən çox insanın həyatını itirdiyi Qəzzanın dəniz blokadasını yarmağa cəhd edən Britaniya bayraqlı gəmi İsrail tərəfindən beynəlxalq sularda ələ keçirilib.
İsrail mart ayının əvvəlindən bəri Qəzzaya humanitar yardımın daxil olmasına mane olmağa davam edir. Beynəlxalq yardım təşkilatları isə bölgədə yaşayan 2,4 milyon insanın ciddi aclıq təhlükəsi ilə üz-üzə olduğunu bildirirlər.
2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs orderi çıxarıb.
Bundan əlavə, İsrail hazırda Beynəlxalq Ədalət Məhkəməsində bölgədə mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərə görə soyqırım ittihamı ilə üz-üzədir.