DÜNYA
5 dəqiqə oxuma
İsrailin İrana hava hücumu beynəlxalq səviyyədə qınağa səbəb olub
Öldürülənlər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağeri, İnqilabi Qvardiya Korpusunun (IRGC) komandanı Hüseyn Salami və İran hərbi mərkəzi qərargahının rəhbəri, IRGC-nin ali komandiri Qolam Əli Raşid var.
İsrailin İrana hava hücumu beynəlxalq səviyyədə qınağa səbəb olub
In response to the attacks, Iran’s Supreme Leader Ayatollah Ali Khamenei issued a strongly worded statement. / AA
20 saat əvvəl

İsrailin İranın nüvə və raket infrastrukturlarını hədəf alan genişmiqyaslı hərbi hücumlarına dünya liderləri və beynəlxalq qurumlar tərəfindən sərt reaksiya verilib, bölgədəki gərginliyin daha da artmaması üçün təmkin nümayiş etdirməyə çağırışlar edilib.

İsrailin İranın əsas nüvə və raket obyektlərini hədəf alan və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Salaminin ölümünə səbəb olan hücumları beynəlxalq aləmdə güclü narahatlıq yaradıb.

Gərginliyin artması Birləşmiş Millətlər Təşkilatı, aparıcı dövlətlər və region ölkələri tərəfindən bölgədə genişmiqyaslı münaqişə ehtimalına qarşı narahatlıqla qarşılanıb və tərəflərə təcili sükunət çağırışı edilib.

BMT Baş katibi Yaxın Şərqdəki gərginliyi pisləyib

BMT baş katibi Antonio Quterreş iyunun 12-də axşam saatlarında yayımladığı bəyanatda İsrailin İran ərazisindəki hədəflərə hava zərbələri fonunda bölgədə gərginliyin artmasını pisləyib.

Məsələ ilə bağlı açıqlama verən A.Quterreşin mətbuat katibi Fərhan Haq üzv dövlətlərə BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun davranmalarını xatırladıb. “Baş katib hər iki tərəfi təmkinli olmağa çağırır, regionun daha da dərinləşəcək münaqişəyə dözmək gücündə olmadığını və Yaxın Şərqdə hərbi gərginliyin artmasını qəti şəkildə pisləyir” – deyə Fərhan Haq vurğulanıb.

Bundan əlavə A.Quterreşin İran və ABŞ arasında İranın nüvə proqramının statusuna dair danışıqların davam etdiyi bir vaxtda İsrailin İranın nüvə obyektlərini hədəf almasından xüsusi narahatlıq keçirdiyi bildirilib.

İsrailin Baş naziri Benyamin Netanyahu “YouTube”da yayımlanan çıxışında “İranın nüvə zənginləşdirmə proqramının mərkəzi hədəf alındı. Biz İranın nüvə silahlanma proqramının mərkəzinə zərbə endirdik,” – deyə bildirib.

Qeyd edək ki, İran dövlət mediası İsrailin hava hücumları nəticəsində İnqilab Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salaminin də daxil olduğu yüksək rütbəli hərbçilərin həlak olduğunu açıqlayıb.

İranın Ali lideri Ayətullah Əli Xamenei İsrailə “ağır cəza” ilə cavab veriləcəyini bəyan edib. “Sionist rejim bu gün səhər saatlarında bizim əziz ölkəmizdə öz şeytani, qana bulaşmış əlləri ilə cinayət törədib. Yaşayış məntəqələrini hədəf almaqla öz qaniçən mahiyyətini daha açıq şəkildə göstərdi,” – deyə Xamenei bildirib.

Böyük Britaniya

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmiyə görə, İsrailin İrana qarşı gecə saatlarında həyata keçirdiyi hücumlar “təhlükəli məqam” kimi qiymətləndirilməlidir. O, bütün tərəfləri təmkinli olmağa dəvət edib.

 Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı hücumunu qınayıb

Təxminən iki il əvvəl İranla münasibətləri normallaşdıran Səudiyyə Ərəbistanı da İsrailin hava hücumlarını qınayıb.

“Səudiyyə Ərəbistanı qardaş İran İslam Respublikasının suverenliyini və təhlükəsizliyini pozan, beynəlxalq hüquq normalarını açıq şəkildə heçə sayan İsrailin bu açıq təcavüzünü qətiyyətlə pisləyir və qınayır”, – deyə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

D.Tramp: “İranla nüvə danışıqlarını bərpa etmək istəyirik”

ABŞ prezidenti Donald Tramp İsrailin Tehrana və İranın digər şəhərlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarından sonra İranla nüvə danışıqlarının bərpa olunacağına ümid etdiyini bildirib.

“Fox News” kanalının baş milli təhlükəsizlik müxbiri Cenifer Qriffin “X” sosial şəbəkəsində D.Trampın bu hücumlarla bağlı açıqlama verdiyini bildirib.

“İranın nüvə bombası əldə etməsinə imkan verə bilmərik və ümid edirik ki, danışıqlar masasına geri dönəcəyik. Gözləyək və görək. İdarəetmədə bəzi şəxslər var ki, onlar artıq geri qayıtmayacaqlar,” – deyə D.Tramp “Fox”un baş siyasi aparıcısı Bret Bayerə telefonla bildirib.

Bundan əlavə prezident D. Tramp İsrailin hava hücumları barəsində əvvəlcədən məlumatlı olduğunu, lakin ABŞ ordusunun bu hücumlarda iştirak etmədiyini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mümkün cavab tədbirlərinə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib. Komandanlıq həmçinin qeyd edib ki, əgər İran hücumlara cavab verərsə ABŞ özünü və İsraili müdafiə edəcək.

Qeyd edək ki, ABŞ Administrasiya rəsmilərinin verdiyi məlumata görə, Amerika son həftələrdə İsrailin “Dəmir Qübbə” raketlərini yenidən təchiz edib.

Yaponiya İsrailin hava hücumlarını “qəti şəkildə” pislədi

Yaponiya xarici işlər naziri Takeşi İvaya iyunun 13-də (bu gün) Tokioda jurnalistlərə bildirib ki, Yaponiya İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını qəti şəkildə pisləyir və bütün tərəfləri sülhə çağırır.

“Okeanın bu tərəfində Yaxın Şərqdə sülh və sabitlik Yaponiya üçün olduqca önəmlidir və biz bütün tərəfləri təmkinli olmağa çağırırıq”, - deyə nazir bildirib.

 İordaniya hava məkanını bütün uçuşlara bağladı

İordaniya hökuməti ölkənin hava məkanına hər hansı müdaxiləyə yol verilməyəcəyini bəyan edib. Hökumət sözçüsü və dövlət informasiya naziri Məhəmməd əl-Mumani deyib: “Krallıq hava məkanının pozulmasına nə icazə verib, nə də verəcək. İordaniya döyüş meydanına çevrilməyəcək. Krallıq vətəndaşlarının təhlükəsizliyini təhdid edən istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq.”

Bundan əlavə nazir beynəlxalq ictimaiyyəti bölgədə sakitliyin bərpası və gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün tərəflərə təzyiq göstərməyə çağırıb.

 Oman: ‘‘İsrailin hücumu diplomatik həll imkanlarını təhlükəya salır’’

İran-ABŞ nüvə danışıqlarında əsas vasitəçi rolunu oynayan Oman İsrailin hücumlarını pisləyib. Ölkənin dövlət xəbər agentliyi bildirib ki, İsrailin bu hərbi addımı “diplomatik həll yollarını aradan qaldırmaq və regionun təhlükəsizliyini eləcə də sabitliyini sarsıtmaq təhlükəsi yaradır.”

Avstraliya və Yeni Zelandiya: ‘‘Gərginlik təhlükəli həddə çatıb’’

Avstraliya və Yeni Zelandiya iyunun 13-də (bu gün) verdikləri açıqlamalarda İsrail və İran arasında artan gərginlikdən ciddi narahatlıq ifadə ediblər.

Avstraliya xarici işlər naziri Penni Vonq deyib: “Biz baş verənlərdən dərin narahatlıq hissi keçiririk. Bütün tərəfləri vəziyyəti daha da gərginləşdirə biləcək hərəkət və ritorikadan çəkinməyə çağırırıq.”

Nazir həmçinin İranın nüvə və ballistik raket proqramının beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid təşkil etdiyini qeyd edərək dialoq və diplomatiyanın ön planda tutulmasını vurğulayıb.

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters mövzu ilə bağlı açıqlamasında bu ifadələrə yer verib: “Bu gərginliyin davam etməsi regional müharibə riskini əhəmiyyətli dərəcədə artırır. Belə bir hal Yaxın Şərq üçün fəlakətli nəticələrə gətirib çıxara bilər”, - deyə bildirib.

U.Piters “X” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, hazırda ən vacib məsələ gərginliyin azaldılmasıdır. Regionun təhlükəsizliyi üçün ən yaxşı yol, ABŞ və İran arasında davam edən danışıqlardır. Yeni Zelandiya hökuməti İran ərazisində olan diplomatik heyətinin və regionda yaşayan vətəndaşlarının təhlükəsizliyinə xüsusi diqqət yetirdiyini bildirib.

 Çin vətəndaşlarını ehtiyatlı olmağa çağırdı

Çinin Tehrandakı səfirliyi İranın təhlükəsizlik vəziyyətini “ciddi və mürəkkəb” olaraq qiymətləndirib. Çin vətəndaşlarına təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunub.

“South China Morning Post”un xəbərinə görə, səfirlikdən verilən açıqlamada deyilir: “Səfirlik İranda olan Çin vətəndaşları və şirkətlərini vəziyyəti diqqətlə izləməyə, təhlükəsizlik tədbirlərini artırmağa və ehtiyatlı davranmağa çağırır.”

 

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us