Qlobal bazarlar Hörmüz boğazını diqqətlə izləyir. Çünki bu, neft və mayeləşdirilmiş təbii qaz (LNG) üçün həyati əhəmiyyət daşıyan bir keçiddir. İsrail və İran arasında genişlənən münaqişənin bu dar su yolunda nəqliyyatı pozacağı qorxusu mövcuddur.
Hörmüz boğazı dar olsa da, qlobal neft ticarətinin təxminən üçdə biri, yəni gündəlik 17 milyon ilə 20 milyon barel arasında xam neft və kondensat bu yoldan keçir. Beynəlxalq Enerji Agentliyinə görə, bu neftin təxminən 70 faizi Asiyaya göndərilir. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Sinqapur, Tailand, Pakistan və Filippin bu neftin əsas alıcılarıdır. Bu marşrut həmçinin LNG ixracı üçün də vacibdir, xüsusilə Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan LNG ticarətinin 20 faizini təşkil edir. Hörmüzdən keçən LNG-nin əsas istiqamətlərindən biri də Avropadır.
İran əvvəllər geosiyasi gərginliklərə cavab olaraq boğazı bağlamaqla hədələsə də, bu təhdidlərini həyata keçirməyib. Lakin İsrailin İrana hava hücumlarından sonra bölgədə daha genişmiqyaslı münaqişə ehtimalı enerji təchizatında mümkün pozuntular və artan enerji qiymətləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) qurumu iyunun 11-də bildirib ki, bölgədə artan gərginlik mühüm su yollarında hərbi fəaliyyətin artmasına və dəniz nəqliyyatına təsir göstərə bilər. Baltik və Beynəlxalq Dənizçilik Şurası da hər hansı bir hücumun dəniz nəqliyyatına birbaşa təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Tam bir kabus ola bilər
Bəzi analitiklər hesab edir ki, İran Hörmüz marşrutunu bağlayarsa, çox şey itirə bilər, çünki ölkənin neft ixracının demək olar ki, hamısı və Çinin neft idxalının böyük hissəsi bu boğazdan keçir.
“Global Risk Management”in Baş analitiki və tədqiqat rəhbəri Arne Lohmann Rasmussen bildirib: “Hörmüz boğazının bağlanması neft bazarı üçün tam bir kabus olar. Əgər İran bu dar keçidi bağlasa, qlobal neft axınının 20 faizinə qədər təsir göstərə bilər. Bağlanma ehtimalı neft qiymətlərini 100 dollardan yuxarı qaldırar.”
13 iyunda İsrailin paytaxt Tehrana, İsfahandakı Natanz nüvə obyektinə və Lorestan, Kermanşah kimi şəhərlərə hücumlarından sonra neftin qiyməti 7 faizdən çox artaraq 73,58 dollara çatıb ki, bu da təxminən beş aylıq maksimumdur.
İran İnqilab Mühafizləri Korpusunun Baş komandanı Hüseyn Salami və general-mayor Məhəmməd Baqiri də daxil olmaqla, yüksək rütbəli İran hərbi rəsmilərinin hücumlarda öldürüldüyü bildirilir. İsrailin həmçinin Tehrandakı yaşayış ərazilərinə hücum etdiyi və bunun nəticəsində çox sayda mülki şəxsin həlak olduğu qeyd olunur. İsfahandakı Natanz nüvə obyektinə hücum zamanı isə bir neçə nüvə aliminin öldüyü bildirilir.