SİYASƏT
2 dəqiqə oxuma
Qəzzada ölən jurnalistlərin sayı 232-yə çatıb
İsrailin hücumunda həyatını itirən fələstinli jurnalistlərin sayı artmaqda davam edir
Qəzzada ölən jurnalistlərin sayı 232-yə çatıb
Qəzza / AA
25 iyul 2025 г.

Mühasirə altındakı Qəzza zolağında İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən jurnalistlərin sayı 232-yə yüksəlib. Bu barədə bölgənin rəsmi media ofisi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, Qəzzaya qarşı aparılan soyqırımı müharibəsinin başlanğıcından bu yana həyatını itirən jurnalistlərin sayı, fotojurnalist Adəm Əbu Harbidin öldürülməsi ilə 232-yə çatıb.

Bir neçə media qurumu ilə əməkdaşlıq edən fələstinli fotojurnalist Adəm Əbu Harbid “Anadolu” agentliyinin yaydığı tibbi mənbələrə əsasən Qəzza şəhərinə təşkil olunan İsrail hava hücumu zamanı üç qohumu ilə birlikdə həyatını itirib. Həmin hücumda jurnalistin həyat yoldaşı və uşaqları da yaralanıb.

Qəzzadakı rəsmi media ofisi İsrailin jurnalistləri sistematik şəkildə hədəf almasını sərt şəkildə qınayaraq, beynəlxalq və regional media qurumlarını bu vəziyyətə açıq reaksiya verməyə çağırıb.

Qurumun açıqlamasında deyilir: “Bu vəhşi və qeyri-insani cinayətlərə görə bütün məsuliyyət işğalçı İsrailə, ABŞ rəhbərliyinə və soyqırıma şərik olan Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələrin üzərinə düşür”.

Məlumata görə, İsrailin Qəzzada davam etdirdiyi hücumlar nəticəsində bu günədək əksəriyyəti qadın və uşaqlar olmaqla 59 min 500-dən çox fələstinli həyatını itirib.

Qeyd edək ki, İsrailin hücumları Qəzzanın infrastrukturunu məhv edib, səhiyyə sistemini çökdürüb və bölgədə aclığa səbəb olub.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi noyabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalant barəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.

İsrail həmçinin Qəzzada apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı iddiası ilə üz-üzədir.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us