Ukrayna İstanbul görüşündən sonra razılaşdırılmış mübadilə çərçivəsində Rusiyadan ilk dəfə olaraq ölən əsgərlərinin cəsədlərini geri alıb.
İyunun 2-də İstanbul mayın 16-da Türkiyənin bu böyük şəhərində keçirilmiş ilk görüşdən sonra Rusiya-Ukrayna sülh danışıqlarının ikinci raunduna ev sahibliyi edib. Son danışıqlar zamanı daha çox hərbi əsirin, xüsusilə gənc və ağır yaralıların mübadiləsi, həmçinin hər iki tərəfdən 6000 əsgərin cəsədinin geri qaytarılması barədə razılığa gəliblər.
“Repatriasiya tədbirləri nəticəsində 1212 nəfər həlak olmuş müdafiəçinin cəsədi Ukraynaya qaytarıldı”, Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı “Telegram”da yazıb.
Ukraynaya qaytarılan cəsədlər arasında Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson, həmçinin 2024-cü ilin avqustunda Rusiyanın Kursk sərhəd bölgələrində döyüşən hərbçilər də olub.
Ukrayna şəxsiyyətlərin müəyyənləşdirilməsinə başlayır
2025-ci ilin aprel ayında Rusiya Ukrayna qüvvələrini tamamilə Kursk bölgəsindən çıxardığını və o vaxtdan Ukraynanın şimal-şərqində yerləşən Sumıda bir neçə yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi. Rəsmi Kiyev Kurskdan tamamilə çıxarıldığını inkar etsə də, bölgədəki vəziyyətin “müşkül” olduğunu qeyd etmişdi.
Hərbçilərin cəsədləri bir neçə dövlət qurumunun birgə iştirakı ilə geri qaytarılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinə göstərdiyi yardıma görə təşəkkür edilib.
Ukrayna hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə həlak olanların şəxsiyyətlərini mümkün qədər tez müəyyən etməyə çalışır.
Rusiya hələlik mübadiləni təsdiqləməyib, lakin Prezident Aparatının sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Moskvanın İstanbulda razılaşdırılmış öhdəlikləri yerinə yetirdiyini və Ukrayna tərəfinin də eyni addımı atmasını gözlədiyini bildirib.
İyunun 8-də Rusiya danışıqlar heyətinin nümayəndəsi dövlət xəbər agentliyi TASS-a bildirib ki, Moskva 1212 Ukrayna hərbçisinin cəsədini təhvil verib.