İyunun 12-də Əhmədabad şəhərindən Londona uçmaq üçün səmaya qalxandan qısa müddət sonra yaşayış məntəqəsində tibb kollecinin binası üzərinə düşüb. Qəzanın dəqiq səbəbi bilinmir. Hindistanın hüquq mühafizə orqanları faciəvi təyyarə qəzası ilə əlaqədar cinayət işinə başlayıb. “Boeing” şirkəti də təhqiqata hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib. Təyyarənin “qara qutu”larından biri tapılıb.
Rəsmilər bildiriblər ki, cəsədlərin əksəriyyəti tanınmaz hala düşüb. Mülki Aviasiya Naziri Ram Mohan Naidu sosial mediada verdiyi açıqlamada, Qəza Araşdırma Bürosunun Beynəlxalq Mülki Aviasiya Təşkilatının protokollarına uyğun olaraq araşdırmaya başladığını bildirib.
ABŞ-dan bir qrup mütəxəssisin araşdırmaya kömək etmək üçün Hindistana gəlməsi gözlənilir. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası, Federal Aviasiya Administrasiyası, “Boeing” və “General Electric” şirkətləri də mütəxəssislər göndəriblər.
Rəsmilər qəza yerində axtarışları davam etdirirlər.
Hindistan Bütün Tibb Assosiasiyası Federasiyasının milli prezidenti Akshay Dongardiv bildirib ki, həkimlər Əhmədabad Mülki Xəstəxanasının qarşısında toplaşan yaslı ailələr üçün DNT testlərinə başlayıblar.
Hindistanın ən dəhşətli aviasiya fəlakətlərindən biri
Təyyarə tibb kollecinin yataqxanası yerləşən binaya çırpılıb və alov alıb. Qəza nəticəsində ölənlərin 229-u sərnişin, 12-si təyyarənin heyət üzvüdür. Təyyarənin yaşayış məntəqəsində tibb kollecinin üzərinə düşməsi nəticəsində təhsil ocağının müəllim və tələbələrindən 56 nəfər də ölüb. Bundan başqa, tibb kollecinin tələbə və müəllimləri arasında itkin düşən və xeyli xəsarət alanlar da var. Qəza nəticəsində təyyarədə olanlardan yalnız bir sərnişin sağ qalıb.
Hindistanın Baş naziri N.Modi qəza yerinə və yaralıların müalicə aldığı yerli hökumət xəstəxanasına baş çəkib. O, günün sonunda yüksək səviyyəli rəsmilərlə görüş keçirməyi planlaşdırır.
Hindistanın daxili işlər naziri Amit Şah xəstəxanada sağ qalan yeganə şəxslə görüşdüyünü təsdiqləyib. Bir həkim sağ qalan şəxsi müayinə etdiyini və onun adının Vişvaşkumar Rameş olduğunu bildirib.
Başqa bir həkim bildirib ki, Rameş ona təyyarənin havaya qalxdıqdan dərhal sonra enməyə başladığını və qəfildən iki yerə bölündüyünü, onu çölə atdığını və sonra güclü bir partlayış eşitdiyini deyib.
Ekspertlərin fikrincə, hazırda dünyada təxminən 1,200 ədəd “787 Dreamliner” təyyarəsi mövcuddur və bu, 16 illik istismar müddətində baş verən ilk ölümcül qəza olub.