Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi bu ilin əvvəlində əldə olunmuş razılaşma çərçivəsində ABŞ-ın dəstəklədiyi və YPG-nin əsas qüvvə olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya ordusuna inteqrasiyası prosesini yaxından izlədiyini bəyan edib.
İyulun 31-də (bu gün) Ankarada keçirilən mətbuat konfransında Nazirliyin sözçüsü Zəki Aktürk bildirib ki, bu inteqrasiya prosesinin 10 mart tarixində Dəməşq rəhbərliyi ilə SDQ arasında əldə olunan razılaşmaya əsasən, 2025-ci ilin sonunadək başa çatdırılması gözlənilir. Suriya ilə bağlı uzunmüddətli siyasətinə bir daha sadiqliyini ifadə edən Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrar vurğulayıb.
Məsələ ilə bağlı Z.Aktürk jurnalistlərə açıqlamasında deyib: “Biz terror təşkilatı SDQ-nin Suriya ordusuna inteqrasiyasına dair prosesləri yaxından izləməkdəyik. Bu çərçivədə Türkiyə Suriya rəhbərliyinin terror təşkilatları ilə mübarizə qabiliyyətini artırmaq üçün tələb etdiyi təlim, məsləhət və texniki dəstək fəaliyyətlərini davam etdirəcək.”
Qeyd edək ki, SDQ Suriya ərazisində DEAŞ-la mübarizə bəhanəsi ilə ABŞ-dan genişmiqyaslı hərbi yardım, maliyyə dəstəyi və döyüşçü təlimləri almış bir silahlı birlikdir. Bu struktur PKK-nın Suriyadakı qolu olan YPG tərəfindən idarə olunur.