İyulun 25-də (bu gün) səhər saatlarında Ştatın Cəlavər bölgəsində baş verən hadisə zamanı təkmərtəbəli məktəbdə təxminən 60 nəfərin (şagird, müəllim və digər işçilərin) olduğu bildirilir.
Ölkə rəsmiləri AFP agentliyinə açıqlamasında hadisənin dərs vaxtı baş verdiyini, indiyədək yeddi uşağın öldüyünü, 26 nəfərin isə yaralandığını bildirib. Məlumata əsasən həlak olan uşaqların yaşı 8-11 arasında olub. Yaralılardan ikisinin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Rəsmi mənbələrin bildirdiyinə görə, sözügedən binanın köhnə və qəzalı vəziyyətdə olması ilə bağlı əvvəllər dəfələrlə şikayətlər daxil olub. Üstəlik, son günlər bölgədə güclü yağışların müşahidə edildiyi də vurğulanıb.
Hindistanın Baş naziri Narendra Modi baş verən faciə ilə bağlı dərin kədərini ifadə edib. Baş Nazirlik "X" platformasında verdiyi açıqlamada bildirib ki, bu çətin zamanda təsirlənmiş şagirdlərin və ailələrinin yanındayıq, zərərçəkənlərə hər cür dəstək göstərilir.
Racastan ştatının təhsil naziri Madan Dilavar hadisənin faciəvi adlandıraraq, səbəblərinin araşdırılması üçün yüksək səviyyəli istintaq başladılacağını açıqlayıb. O əlavə edib ki, yerli qurumlar yaralı şagirdlərin müalicəsi üçün bütün zəruri tədbirləri görürlər.
Qeyd edək ki, Hindistanda dövlət məktəbləri uzun müddətdir maliyyə çatışmazlığından əziyyət çəkir. Şagirdlər müəllim çatışmazlığı, qəzalı tikililər, içməli su və sanitariya şəraitinin olmaması kimi problemlərlə qarşılaşırlar. Şəhər yerlərində müəyyən irəliləyişlər əldə olunsa da, ölkənin kənd bölgələrində vəziyyət hələ də ciddi olaraq qalır.