24 iyul 2025 г.
Rusiyanın uzaq şərqində yerləşən Amur bölgəsində “An-24” tipli sərnişin təyyarəsi uçuş zamanı radarlardan itib. Bu barədə məlumatı Amur vilayətinin qubernatoru Vasili Orlov açıqlayıb.
Onun sözlərinə görə, təyyarə bölgənin inzibati mərkəzi Blagoveşensk şəhərindən Tında qəsəbəsinə doğru hərəkət edərkən hava nəzarətçiləri ilə əlaqə qəfil itib. Qubernator ilkin məlumatlara əsasən bildirib ki, göyərtədə beşi uşaq olmaqla 43 sərnişin və altı heyət üzvü olub.
Rusiya Fövqəladə Hallar Nazirliyi də hadisəni təsdiqləyib və qeyd edib ki, təyyarə Tındadakı yerli hava limanına bir neçə kilometr qalmış radarlardan itib və dispetçer çağırışlarına cavab verməyib. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.