Qəzza rəsmiləri İsrailin blokadası və hərbi hücumları səbəbindən bölgədə dərinləşən humanitar böhran fonunda iki yaşlı uşağın kəskin qida çatışmazlığından dünyasını dəyişdiyini açıqlayıb.
Xan Yunisdəki Nasser Xəstəxanasının həkimləri Əhməd Samir Abdel Al adlı uşağın öldüyünü bildiriblər. Ölüm anında uşağın çəkisi 8 kiloqram olub ki, bu da yaşına görə normal çəkidən 12 kiloqram azdır.
Əhməd və ailəsi İsrailin davam edən məhdudiyyətləri səbəbindən qida, süd və digər zəruri ehtiyaclara çıxışın demək olar ki, mümkün olmadığı Xan Yunisin qərbindəki əl-Mavassi bölgəsindəki müvəqqəti çadıra sığınmaq üçün Rəfahdan qaçmışdı.
Uşağın ölümü, İsrailin beş ay davam edən amansız blokadasının bariz nümunəsidir.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən 91-i uşaq olmaqla, azı 160 fələstinli aclıqdan dünyasını dəyişib.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) vəziyyəti “ən pis ssenari” səviyyəsində aclıq böhranı kimi qiymətləndirərək Qəzzada hər üç nəfərdən birinin günlərlə qidasız qaldığını açıqlayıb.
İsrailin Qəzzaya qarşı hücumları nəticəsində ölənlərin sayı 60 200-ü ötüb. Davam edən bombardmanlar bölgədə dağıntılara və ciddi ərzaq qıtlığına səbəb olub.
İsrailin insan hüquqları təşkilatları — “B’Tselem” və “Physicians for Human Rights-İsrail” iyulun 28-də Fələstin cəmiyyətinin sistematik şəkildə məhv edilməsini və Qəzzada səhiyyə sisteminin qəsdən çökdürülməsini əsas gətirərək İsraili soyqırımda ittiham ediblər.
Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada törətdikləri hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs edilmələrinə dair order verib.