Tibb sahəsində qabaqcıl elmi jurnallardan biri olan “The Lancet”də avqustun 3-də dərc olunmuş yeni araşdırmaya əsasən, plastiklər dünya üzrə sağlamlığa illik 1,5 trilyon ABŞ dollarını aşan iqtisadi zərər vurur. Bu vəziyyət həyatın bütün mərhələlərində xəstəlik və ölüm riskini artırır.
Tədqiqatçılar "Dünya plastik böhranı içindədir. Amma bu qaçılmaz deyil", – deyə bildirir. Buna görə də, hava çirkliliyi kimi hallarda tətbiq olunan tənzimləmələr, maliyyə təşviqləri və hüquqi tədbirlərə bənzər şəkildə, elmə əsaslanan və iqtisadi baxımdan effektiv siyasi müdaxilə çağırışı edirlər.
Bu nəticələr, Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə plastik tullantılarla bağlı qlobal saziş layihəsini yekunlaşdırmaq məqsədilə Cenevrədə yenidən başlanan danışıqlar ərəfəsində açıqlanıb.
Plastiklər həm insan sağlamlığı üçün, həm də ətraf mühitə qarşı "ciddi və artmaqda olan" təhlükə kimi xarakterizə olunan hesabatda vurğulanır ki, onların istehsalı sürətlə artır. Məlumatlara əsasən, 1950-ci ildə cəmi 2 milyon ton olan illik plastik istehsalı 2022-ci ildə 475 milyon tona yüksəlib və bu rəqəmin 2060-cı ilə qədər 1,2 milyard tona çatacağı proqnozlaşdırılır.
Ehtimal olunur ki, bu günə qədər təxminən 8 milyard ton plastik tullantı yığılıb və bunların böyük əksəriyyəti bioloji parçalanmaya qarşı dayanıqlı olduğundan ekosistemlərdə qalmağa davam edir. İstehsal olunan plastiklərin isə təkcə 10 faizindən az hissəsi təkrar emal oluna bilir.
Qeyd edək ki, bu araşdırma Cenevrədə 5–14 avqust tarixlərində keçirilən Hökumətlərarası Danışıqlar Komitəsinin (INC-5.2) beşinci sessiyasının ikinci mərhələsi ilə eyni vaxtda yayımlanıb. Bu sessiyada 170-dən çox ölkədən nümayəndə plastik çirklənmənin azaldılması üçün hüquqi baxımdan məcburi bir razılaşma əldə etmək məqsədilə danışıqları canlandırmağa çalışacaq.