Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə dünya miqyasında öldürülən yardım işçilərinin təxminən yarısının Qəzzada öldüyünü açıqlayıb. İsrailin hücumları nəticəsində 183 humanitar işçinin həlak olduğu bildirilir.
Ümumilikdə 383 nəfərin ölümü ilə nəticələnən bu vəziyyəti BMT “beynəlxalq laqeydliyin utanc verici göstəricisi” kimi qiymətləndirib və bu ilki rəqəmlərin də eyni dərəcədə narahatlıq doğurucu olduğunu vurğulayıb.
2024-cü il məlumatları əvvəlki illə müqayisədə 31% artım deməkdir. Sudanda 60, digər münaqişə zonalarında isə onlarla yardım işçisi həlak olub.
BMT qeyd edib ki, bu ölümlərin əksəriyyəti dövlətin nəzarətində olan aktyorlar tərəfindən həyata keçirilib və ölənlərin böyük əksəriyyəti yerli işçilərdir. Bu şəxslər ya çöldə, ya da evlərində hədəfə alınıb.
BMT-nin hesabatına görə, ölənlərdən əlavə, ötən il 308 yardım işçisi yaralanıb, 125 nəfər oğurlanıb, 45 nəfər isə saxlanılıb. Hesabat Ümumdünya Humanitar Günündə dərc olunub.
“Beynəlxalq hərəkətsizliyin utancverici göstəricisi”
BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer deyib: “Humanitar işçiyə hücum hamımıza və xidmət etdiyimiz insanlara qarşı hücumdur. Bu miqyaslı hücumlar və sıfır hesabatlılıq beynəlxalq fəaliyyətsizliyin utancverici nümayişidir".
BMT humanitar işçilərə hücumların beynəlxalq hüququ pozduğunu və müharibə və fəlakət zonalarında milyonlarla insan üçün həyati əhəmiyyət kəsb edən yardım xətlərini sarsıtdığını vurğulayıb və "Yardım işçilərinə qarşı zorakılıq qaçılmaz deyil. Buna son qoyulmalıdır" deyib.
Ümumdünya Səhiyyə Təşkilatı da bu il 16 regionda səhiyyə xidmətlərinə 800-dən çox hücumun edildiyini bildirib. Bu hücumlarda 1110-dan çox tibb işçisi və xəstə həlak olub, yüzlərlə insan yaralanıb.
Hər il avqustun 19-da qeyd olunan Ümumdünya Humanitar Günü 2003-cü ildə BMT-nin Bağdaddakı mənzil-qərargahının bombalanması və 22 nəfərin, o cümlədən BMT-nin nümayəndəsi Sergio Vieira de Mellonun ölümünə səbəb olan partlayışın xatirəsinə həsr olunur.