Somalinin limanlar və dəniz nəqliyyatı naziri Abdulkadir Məhəmməd Nur bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə Moqadişoya səfəri ölkənin taleyini dəyişdirən tarixi dönüş nöqtəsi olub.
Nazir “Anadolu” agentliyinə müsahibəsində qeyd edib ki, R.T.Ərdoğanın 2011-ci ilin avqust ayında baş tutan bu tarixi səfəri Somalidə dövlət quruluşunun 1990-cı ildə çökməsindən sonra ölkənin ən ağır dövrlərindən birinə təsadüf edib. Onun sözlərinə görə, prezident R.T.Ərdoğan, birinci xanım Əminə Ərdoğan, övladları və nazirlərlə birlikdə Moqadişoya gəldiyi vaxt Somali ağır quraqlıqla mübarizə aparırdı və həmin gün xalqın yaddaşında unudulmaz bir tarix kimi qaldı.
Somalidən olan rəsmilər vurğulayıblar ki, həmin səfər ölkəni beynəlxalq təcriddən çıxarıb, dünya gündəminə daşıyaraq Türkiyə–Somali münasibətlərini strateji səviyyəyə yüksəldib.
R.T.Ərdoğanın səfəri ilə bağlı nazir A.M.Nur deyib: “O günlərdə Somali dünyadan təcrid olunmuş və yardımsız bir ölkə idi. Prezident R.T.Ərdoğan, ailəsi və bütün heyəti ilə birlikdə Somaliyə gələndə ölkə üçün dönüş nöqtəsi yaşandı. Təkcə türk xalqının deyil, bütün dünyanın diqqəti Somaliyə yönəldi. O gündən etibarən hər gün bir az da irəli getdik. Türkiyənin Somalinin yenidən qurulmasına töhfəsi misilsizdir.”
A.M.Nur əlavə edib ki, Türkiyə Somalini heç vaxt tək buraxmayaraq hər zaman terrorla mübarizədə, inkişafda və Somali xalqının rifahında dəstəyini nümayiş etdirib.
Somali Planlama, İnvestisiya və İqtisadi İnkişaf Nazirliyinə bağlı Somali investisiya təşviqi idarəsinin direktoru Məhəmməd Dhubo isə bildirib ki, 2011-ci il səfəri humanitar yardım xarakteri daşıyırdı, amma 2016-cı ildəki ikinci ziyarət inkişaf yönümlü oldu.
Onun sözlərinə görə, Türkiyənin Somaliyə yanaşması sonrakı illərdə daha çox investisiya və infrastruktur sahələrinə yönəlib. Bu çərçivədə Moqadişoda səfirliyin açılması, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ofisinin fəaliyyətə başlaması, Türkiyə məktəblərinin və xəstəxanalarının qurulması münasibətlərin institusionallaşmasına xidmət edib.
Bu gün Somali Türkiyənin Afrika kursunun simvollarından biri sayılır. Türkiyə şirkətləri ölkənin infrastrukturunda və gündəlik həyatında mühüm rol oynayır. İki ölkə enerji, balıqçılıq, hətta kosmos sahəsində yeni əməkdaşlıq imkanlarını araşdırmağa davam edir.