Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 20-də verdiyi açıqlamada bildirib ki, 224 kilometr uzunluğunda olacaq Qars-İğdır-Dilucu dəmir yolu xətti dəhliz daxilində kritik bir bağlantı rolunu oynayacaq və Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.
A.Uraloğlu əlavə edib ki, illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma imkanına sahib olacaq dəmir yolu xəttində beş tunel nəzərdə tutulur. Onun sözlərinə görə, Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan işlər nəticəsində 2,79 milyard dollarlıq xarici maliyyələşmə təmin edilib.
Bu açıqlama, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Trampın Ağ Evdə imzaladıqları ortaq bəyanatla nəticələnən üçtərəfli görüşdən bir neçə gün sonra səslənib.
Qeyd edək ki, bu razılaşma Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymağı, münasibətləri normallaşdırmağı və Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat yollarının yenidən açılmasını öhdəsinə götürür.
Lakin planlaşdırılan dəhliz uzun müddətdir layihəyə qarşı çıxan İranı narahat edir. Tehran rəhbərliyi bu layihəni Ermənistan üzərindəki təsirini zəiflədə biləcək bir addım kimi qiymətləndirir.
Xatırladaq ki, avqustun 18-də İran prezidenti Məsud Pezeşkian tranzit əlaqələri müzakirə etmək və erməni rəhbərlərlə danışıqlar aparmaq üçün İrəvana səfər edib.
Analitiklərin fikrincə, həm dəmir yolu layihəsi, həm də imzalanmış sülh bəyanatı Cənubi Qafqazda ticarət və nəqliyyatın gələcəyini yenidən formalaşdıra bilər.