Ticarət Nazirliyi qlobal böhranlara baxmayaraq, Türkiyənin "fasiləsiz böyümə uğurunun davam etdiyini" və 390 milyard dollarlıq ixrac hədəfinin 2025-ci ilin sonuna qədər reallaşacağını bildirib.
Rəcəb Tayyib Ərdoğanın əvvəlcə baş nazir, sonra isə prezident seçilməsindən sonra 22 il ərzində Türkiyə iqtisadiyyatı tamam dəyişib. Bu dövrdə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə hər il 5,3% artaraq 2025-ci ilin ikinci rübündə 1,37 trilyon dollara çataraq bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.
Ticarət Nazirliyindən verilən açıqlamada Ərdoğanın vəzifəyə başlamasından bir il əvvəl, yəni 2002-ci ildə 238 milyard dollar olan Türkiyənin ÜDM-nin 2024-cü ildə ilk dəfə 1 trilyon dollar həddini keçdiyi bildirilib.
Ərdoğanın 390 milyard dollarlıq ixrac hədəfinə də bu ilin sonuna qədər çatılacağı gözlənilir. Bundan əlavə, ölkənin milli gəlirinin 1,4 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.
Nazirliyin açıqlamasında "Türkiyə son on ildə OECD-nin ən sürətlə böyüyən iqtisadiyyatlarından biri olub. BVF 2025-ci ilin iyul ayı hesabatında 2025-ci il üçün böyümə proqnozunu 3,0%-ə qaldırıb. 2020-ci ildən bu yana qlobal böhranlara baxmayaraq, 19 rübdür ki, fasiləsiz artım davam edib" ifadələri işlədilib.
Nazirlik Türkiyənin adambaşına milli gəlirinin 2002-ci ildəki 3608 dollardan 2025-ci ilin birinci rübünün sonunda 15 min 971 dollara yüksəldiyini açıqlayıb.
Digər tərəfdən, Türkiyənin 2023-cü ilin may ayında 55,1 milyard dollar olan illik cari kəsiri, 2024-cü ilin sonunda 10 milyard dollara qədər azalıb. Ölkənin mal və xidmət ixracı 1923-cü ildə Cümhuriyyətin qurulmasından bu yana ən yüksək səviyyə olan 377 milyard dollara çatıb.
Cari ilin yanvar-iyul dövründə Türkiyənin ixracı 156,4 milyard dollara çatıb. Bunun 67,8 milyard dolları Aİ ölkələrinə gedib ki, bu da 8,5% artım deməkdir. Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya və İraq ilin ilk altı ayında Türkiyə ixracatını ən çox alan ölkələr sırasındadır.
Bundan başqa, Türkiyənin xidmətlər sektorunda ticarət profisiti keçən il 62 milyard dollara çatıb və bu sektorda dünyanın beşinci ən böyük ölkəsi olub.
Bəyanatda həmçinin, “115 yüksək səviyyəli əlaqə saxlanılıb və 37 beynəlxalq görüşdə iştirak edilib. Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, İƏİT və Balkan ölkələri ilə ticarət əməkdaşlığı və sərmayə qoyuluşu sahəsində yeni təşəbbüslər irəli sürülməkdə davam edir" deyilib.
Türkiyə 2028-ci ilə qədər uzaq şərq ölkələrinə ixracı 50 milyard dollara çatdırmağı hədəfləyən Uzaq Şərq Strategiya çərçivəsini də həyata keçirib.İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə ixracın artırılması təşəbbüsü ilə bu ölkələrin Türkiyənin ümumi ixracatındakı payının 30%-ə yüksəlməsi gözlənilir.