Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevi təbrik edib.
Bunu Türkiyə dövlət başçısı avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.
Dövlət başçısı Türkiyənin bu məqsədə çatmaq üçün zəruri dəstəyi göstərməyə davam edəcəyini vurğulayıb.
Digər tərəfdən, avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.
Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən üçtərəfli sammitdə birgə bəyannamə imzalayıblar.
Bu razılaşma, Cənubi Qafqaz qonşuları arasında onilliklərdir davam edən münaqişəni sona çatdırmağı, döyüşlərin dayandırılmasını, nəqliyyat yollarının yenidən açılmasını və münasibətlərin normallaşdırılmasını hədəfləyir.
Ermənistan və Azərbaycan 1980-ci illərin sonlarından bəri bir sıra sərhəd müharibələri aparıblar. Sonuncu müharibə isə 2020-ci ildə, Azərbaycan Qarabağ ərazisini azad etdiyi zaman aparılıb.