TÜRKİYƏ
2 dəqiqə oxuma
Numan Kurtulmuş “Terrorsuz Türkiyə” hədəfini qiymətləndirdi
TBMM sədri Numan Kurtulmuş bildirib ki, yeni yaradılan “Milli Həmrəylik Komissiyası” PKK-nın tərksilah edilməsindən sonra hüquqi və siyasi yol xəritəsini müəyyən edəcək və terror təşkilatı ilə heç bir danışıqlar aparılmayacaq
Numan Kurtulmuş “Terrorsuz Türkiyə” hədəfini qiymətləndirdi
Türkiyə, 5 Avqust 2025-ci ildə Türkiyə Böyük Millət Məclisində ("TBMM") "Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi"nin ilk iclasını keçirdi. / Anadolu Agency
7 saat əvvəl

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində davam etdirilən proses PKK terror təşkilatının özünü ləğv etməsindən sonra atılacaq addımları müəyyən etmək məqsədi ilə göstərilən milli səydir.

Numan Kurtulmuş avqustun 7-dә TBMM-də qazilər və şəhid ailələrinin iştirakı ilə keçirilən iclasda çıxış edib.

TBMM sәdri proseslə bağlı cəmiyyətin bəzi narahatlıqlarına toxunaraq bu prosesin terror təşkilatı ilə danışıqlar deyil, əksinə onun özünü lәğv etmәsi ilə başlayan və "Terrorsuz Türkiyə" hədəfinə çatmaq məqsədi daşıyan bir qiymətləndirmə prosesi olduğunu vurğulayıb.

Bu açıqlamalar prezident Rəcəb Tayyib Ərdoğanın iyulun 12-dә PKK-nın 47 illik terror fəaliyyətinə son qoyduğunu bəyan etməsindən sonra verilib. Ərdoğan həmin çıxışında bu qərarın ölkə tarixində yeni bir səhifə açdığını qeyd etmişdi.

Xatırladaq ki, Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı elan edilən PKK may ayında keçirilən qurultayda özünü ləğv etdiyini açıqlamışdı. Bu addım təşkilatın həbsdə olan başçısı Abdullah Öcalanın fevral ayında hücumlara son qoyulması ilə bağlı etdiyi çağırışdan sonra atılıb.

Yeni təşəbbüs çərçivəsində TBMM-də yaradılan “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” avqustun 5-dә ilk iclasını keçirib. Komissiyaya post-terror dövrünün siyasi və hüquqi aspektlərini qiymətləndirmək tapşırılıb.

Terrorun aradan qaldırılmasının regional əhəmiyyətini vurğulayan TBMM sədri deyib:“Terrorsuz Türkiyə eyni zamanda terrorsuz bölgə deməkdir. İnşallah bunu birlikdə quracağıq.”

Numan Kurtulmuş çıxışında həmçinin bildirib ki, Cümhuriyyətin yüzillik tarixinin təxminən 50 ili daxili təhlükələrlə mübarizəyə sərf olunub. Terror onilliklər ərzində ölkəyə ağır ağrı-acılar yaşadıb.

“Türkiyə təqribən 3 trilyon dollarlıq maddi itkiyə məruz qalıb. On minlərlə gəncimiz, övladımız şəhid olub. Vətənini müdafiə edən dövlət qulluqçularımız vəzifələrini yerinə yetirərkən həyatlarını itiriblər. Bu ağır bədəli bir daha ödəməmək üçün birliyimizi və əsrlər boyu davam edən qardaşlığımızı yenidən inşa etmək məcburiyyətindəyik”,-deyә Numan Kurtulmuş vurğulayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us