Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 9-da Misirə səfər edəcək
Diplomatik mənbələrin məlumatına görə, Hakan Fidan səfər çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Səfər iki ölkənin diplomatik əlaqələrinin 100 illiyinə təsadüf edir.
Məlumata görə, bu Hakan Fidanın bu il Qahirəyə ikinci səfəri olacaq. O, bundan əvvəl martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası Təmas Qrupunun Qəzza ilə bağlı iclasında iştirak etmək üçün Qahirəyə səfər etmişdi.
Misirin xarici işlər naziri Bədr Əbdelati isə fevralın 4-də Türkiyəyə səfər etmişdi. Nazirlər sonuncu dəfə iyun ayında İstanbulda İƏT Xarici İşlər Nazirlərinin 51-ci sessiyasında görüşüblər.
Danışıqlarda Qəzza böhranı müzakirə olunacaq
Qahirədə keçiriləcək görüşdə ikitərəfli münasibətlər, regional məsələlər və iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Danışıqlarda Qəzza məsələsinə də xüsusi diqqət yetiriləcək.
Tərəflər Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə “Həmas” və İsrail arasında aparılan atəşkəs danışıqları və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması məsələlərini müzakirə edəcəklər.
Hakan Fidanın görüşdə İsrailin hərəkətlərinin iki dövlətli həll yolunu sarsıtdığını və Qəzzanı ilhaq etmək istiqamətində atdığı son addımların regional sülh və sabitliyə ən böyük təhdid olduğunu vurğulaması gözlənilir.
Nazirlər həmçinin 28-30 iyulda Nyu Yorkda keçirilən Fələstin üzrə Beynəlxalq Konfransın nəticələrini nəzərdən keçirəcək və Qəzzanın yenidən qurulmasına dəstək məsələsində əməkdaşlığı müzakirə edəcəklər. Türkiyə bu il Ciddədə keçirilən İƏT toplantısında bu təşəbbüsü dəstəkləyib.
Regional və ikitərəfli prioritetlər
Görüş zamanı Liviya, Sudan, Somali, Şimali və Şərqi Afrikanın digər bölgələri ilə Sahel bölgəsində baş verən hadisələr də müzakirə olunacaq. İki ölkə regional sabitliyə birgə töhfə verməyin yollarını qiymətləndirəcəklər.
Son illərdə Türkiyə ilə Misir arasında keçirilən görüşlər və qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib.
Bu il iki ölkə diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edir. Növbəti Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının 2026-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs-Sisinin həmsədrliyi ilə keçirilməsi planlaşdırılır. Qeyd edək ki, ilk görüş 2024-cü ilin sentyabrında Ankarada baş tutub.
Misir Türkiyənin Afrikadakı ən böyük ticarət tərəfdaşı olaraq qalır. 2024-cü ildə iki ölkə arasında ticarət həcmi 8,8 milyard dollara çatıb və tərəflər bu rəqəmi yaxın illərdə 15 milyard dollara çatdırmağı hədəfləyirlər. Türkiyənin Misir iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə təxminən 3,5 milyard dollar təşkil edir.