Fransalı kontent yaradıcısı Rafael Qravenin canlı yayım zamanı faciəvi ölümü, rəqəmsal kontent yaradıcılarının psixoloji sağlamlıq riskləri ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər təcili tədbirlərin görülməsini və platformaların məsuliyyət daşımasını tələb edirlər.
R.Qravenin “Jean Pormanove” adı ilə tanınan və 10 gün davam edən “Kick” platformasındakı canlı yayımı zamanı vəfat etməsi, rəqəmsal kontent dünyasında istismar və psixoloji təhlükələr mövzusunda qlobal müzakirələri alovlandırıb. Canlı efir boyu o, zorakılığa, yuxusuz buraxılmağa və alçaldıcı hərəkətlərə məruz qalıb. Son anlarında hərəkətsiz vəziyyətdə görünməsi isə izləyiciləri şoka salıb.
Mütəxəssislər bildirirlər ki, bu hadisə təkcə bir platforma ilə məhdudlaşmır. Kontent yaradıcıları dünya miqyasında daha çox izlənmə uğrunda sağlamlıqlarını riskə atırlar. Rəqəmsal hüquq müdafiəçisi Nihat Dad yaradıcılar üçün canlı yayımlara məcburi vaxt məhdudiyyəti qoyulması, müntəzəm tibbi yoxlamalar və psixoloji dəstək proqramlarının tətbiqi çağırışı edib.
Klinik psixoloq Rabia Nacib də daima onlayn qalmağın təşviş, depressiya və tükənmişliyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, izlənmə ilə mükafatlandırılan ifrat davranışlar yaradıcıları “özünü əşya kimi təqdim etməyə” məcbur edir.
Məsələ ilə bağlı media mütəxəssisi Daniel Trottier isə məsuliyyətin təkcə platformalara deyil, izləyicilərə də aid olduğunu deyib. O qeyd edib ki, izləyicilər bu yayımları mükafatlandırmaqla və ya şikayət etməklə prosesdə aktiv rol oynayırlar. D.Trottier həmçinin Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Qanunu” kimi çərçivələrin nəzarət üçün böyük əhəmiyyət daşıdığını xatırladıb.